CƏMİYYƏT
Orqan nəqli həyat qurtarır...
Bakı, 18 yanvar, AZƏRTAC
Türkiyədə uzunmüddətli həkimlik fəaliyyətimdən sonra Vətənə geri dönməyə qərar verdim. Belə ki, ölkədə transplantoloqlara böyük ehtiyac var. Azərbaycanda orqan transplantasiyası istiqamətində ciddi addımlar atılır.
Türkiyədə fəaliyyətim ərzində 250-dən çox böyrək transplantasiyası və 100-ə yaxın qara ciyər transplantasiyası, eyni zamanda çoxsaylı mədə, qara ciyər, öd yolları və mədəaltı vəzi əməliyyatlarında iştirak etmişəm. Uzunmüddətli həkimlik praktikama arxalanaraq yetəri qədər praktiki və nəzəri biliklərə yiyələndiyimi düşünürəm.
Azərbaycanda fəaliyyətimi Mərkəzi Kliniki Xəstəxanada davam etdirirəm. Bu klinikanın ümumi cərrahiyyə şöbəsinin tərkibində orqan transplantasiyası bölməsi fəaliyyət göstərir. Əvvəlcə onu deyim ki, orqan yetməzliyindən əziyyət çəkən xəstələr bu iş üzrə ixtisaslaşmış mütəxəssislər tərəfindən aparılmalıdır. Spesifik bir sahə olduğu üçün bu iş yalnız yüksək ixtisas keçmiş həkimlərə həvalə olunmalıdır.
Mərkəzi Kliniki Xəstəxananın istər tibbi heyət, istərsə də tibbi təchizat baxımından bu işə tam hazır olduğunu gördüyüm üçün məhz buranı seçdim. Planlarımız çox genişdir. Fəaliyyətimizi yalnız Bakıda deyil, eyni zamanda respublikamızın qərb bölgəsində də davam etdirməyi düşünürük. Bu bölgədə yaşayan xəstələrimizin artıq Bakıya üz tutmalarına ehtiyac qalmayacaq. Belə ki, bizim xəstəxananın Gəncə filialında da bu əməliyyatların icrası üçün hər bir şərait var və o bölgədə yaşayan xəstələrin əməliyyatlarının icrası məhz orada nəzərdə tutulur.
Bu sözləri AZƏRTAC-a məxsusi müsahibəsində Mərkəzi Kliniki Xəstəxananın ümumi cərrah-transplantoloqu Tariyel Nadirov deyib.
Böyrək transplantasiyası barədə məlumat verən həkim deyib: “Ümumiyyətlə dünya üzrə nəql olunan orqanlar- böyrək, qara ciyər, ürək, ağ ciyər, mədəaltı vəzi, nazik bağırsaqdır. Nəql olunan toxumalar isə ürək qapaqcıqları, kornea, sümük, sümük iliyi, dəridir.
Böyrək çatmazlığı dünyada çox geniş yayılıb və bu problemdən əziyyət çəkənlərin sayı artmaqda davam edir. Müalicəsi yalnız orqan və ya toxuma nəqli ilə mümkün olan bu növ xəstəliklər, bütün dünyada olduğu kimi ölkəmizin də vacib səhiyyə problemlərindən sayılır. Orqan və ya toxuma nəqli gözləyən xəstələrin sayı hər keçən gün artmaqda davam edir. Bu gün minlərlə xroniki böyrək çatışmazlığından əziyyət çəkən xəstə dializ aparatlarına bağlı olaraq böyrək nəqli ümidi ilə yaşayır. Eyni zamanda yüzlərlə insan xroniki qara ciyər xəstəliklərindən əziyyət çəkir və çox təəssüf olsun ki, bu xəstələrin böyük bir qismi həyatını itirir. Nəqil gözləyən xəstələrin bəzisi isə sağalmaq ümidi ilə ölkə xaricində çarə axtarır.
Böyrək çatışmazlığından əziyyət çəkənlərin yaşamaları üçün iki çıxış yolu var. Bu, xəstənin dializ aparatına bağlı olaraq həyatını davam etdirməsi və yaxud transplantasiya əməliyyatı olmasıdır. Artıq dünyada transplantasiya böyrək yetməzliyinin ən ideal müalicə üsulu hesab edilir. Bu, dializ müalicəsi ilə müqayisə edilə bilməz haldır. Təbii ki, orqan transplantasiyasını xəstəyə tətbiq etmək mümkün olmadıqda və ya donor tapılmadıqda yeganə çıxış yolu kimi dializ aparatından istifadə olunur. Lakin həftədə hər seans 4 saat olmaqla 3 dəfə dializ aparatına bağlı qalmaq hər şeydən öncə xəstənin həyat keyfiyyətini aşağı salır.
Donor seçimi üç formada müəyyənləşdirilir. Xəstənin dördüncü dərəcəyədək qohumu, beyin ölümü keçirmiş şəxs və ya xəstənin qohumu olmayan, etik komissiyadan keçən biri donor ola bilər.
Orqan transplantasiyası yalnız orqanın köçürülməsi ilə bitmir. Orqan köçürülməsi bu işin müəyyən mərhələsidir. Əməliyyat olunan hər bir xəstə ömrü boyu immunosuppressiv dərmanlar qəbul edir. Bu dərmanlar vasitəsilə xəstənin immun sistemi zəiflədilir ki, orqanizm köçürülmüş böyrəyə yad münasibət göstərməsin. Belə ki, toxumanın uyğunluğu yoxlanılsa da köçürülmüş orqan bu orqanizm üçün yad olaraq qalır. Doğrudur, immun sistemin zəiflədilməsi özü də müxtəlif fəsadlara səbəb ola bilər. Bu səbəbdən xəstələr özlərini qorumalı, şəxsi gigiyenalarına diqqət yetirməli, mütləq şəkildə mütəmadi olaraq nefroloq müayinəsindən keçməlidirlər”.
Qeyd edək ki, orqan transplantasiyasını Azərbaycanda inkişaf etdirmək məqsədilə Mərkəzi Klinikada fəaliyyətə başlayan ümumi cərrah-transplantoloq Tariyel Nadirov Antalyanın Akdeniz Universitetində orqan transplantasiyası təhsili alıb. Təhsilini İstanbulun Yeni Yüzyıl Universiteti Qazi Osman Paşa Xəstəxanasında uzun müddət davam etdirib. Bu tibb mərkəzinin xüsusiyyəti orada pediatrik nəqllərin də həyata keçirilməsidir.