İQTİSADİYYAT
Ötən 10 ayda paytaxtda və regionlarda bir sıra sosial –iqtisadi yönümlü obyektlər istifadəyə verilib
Bakı, 23 noyabr, AZƏRTAC
Cari ilin 10 ayı ərzində ölkədə ümumi sahəsi 1 milyon 645,2 min kvadratmetr yaşayış sahəsi, 25 min 350 şagird yerlik ümumtəhsil məktəbləri, növbədə 142 nəfərin qəbulu üçün nəzərdə tutulmuş ambulator-poliklinika müəssisəsi, 230 çarpayılıq xəstəxana, 1092 yerlik məktəbəqədər təhsil müəssisəsi və 147 yerlik klub istifadəyə verilib.
Dövlət Statistika Komitəsindən AZƏRTAC-a bildiriblər ki, həmin dövrdə Bakı şəhərində “Norm” sement zavodu, Dövlət Sərhəd Xidmətinin Sahil Mühafizəsinin yeni gəmi inşası zavodu, Milli Konservatoriyanın yeni inzibati-tədris kompleksi, Yeni Bakı Beynəlxalq Dəniz Ticarət Limanı Kompleksinin birinci mərhələsi çərçivəsində bərə terminalı, Azərbaycan Milli Elmlər Akademiyası Mərkəzi Kitabxanasının və “Azərbaycan Milli Ensiklopediyası” Elmi Mərkəzinin yeni binaları, Respublika İdman, Tibb, Diaqnostika və Reabilitasiya İnstitutunun binası, Suraxanı günəş elektrik stansiyası, sağlamlıq mərkəzi, milli gimnastika kompleksi, müxtəlif səviyyəli yol qovşaqları, Naxçıvan Muxtar Respublikasında “Arpaçay-2” Su Elektrik Stansiyası, Su Anbarı və Sutəmizləyici Qurğular Kompleksi, Gənclər Mərkəzi, Sumqayıt şəhərində Azərbaycan kağız və karton istehsalat kombinatı, yağ fabriki, mis emalı zavodu, Gəncə şəhərində metaltökmə və fasiləsiz yayma zavodu, təzyiqlə emal və boyama zavodu, Şirvan şəhərində Kür çayı üzərində körpünün tikintisi başa çatdırılıb.
Bundan əlavə, Ağdaş rayonunda yem zavodu və meyvə emalı zavodu, “Ağdaş” elektrik yarımstansiyası, Beyləqan rayonunda şahmat məktəbi, şəhər stadionu, Birinci Şahsevən-Əhmədli-Dünyamalılar kəndlərarası avtomobil yolu, Füzuli rayonunda tikiş fabriki, Əhmədalılar - Mollaməhərrəmli - Arayatlı - Babı kəndlərarası avtomobil yolu, Göygöl rayonunda Olimpiya İdman Kompleksi, Gənclər Mərkəzi, İmişli rayonunda Hacıqabul - Bəhrəmtəpə avtomobil yolunun Bulaqlı-Bəhrəmtəpə hissəsi, Qəbələ rayonunda “Tufan” Dağ-Xizək Yay-Qış İstirahət Kompleksinin birinci mərhələsi, “Qafqaz Yengicə Termal Hotel və SPA” otel kompleksi, Lənkəran rayonunda çörək istehsalı zavodu, Şamaxı rayonunda “Şamaxı Palace Platinum By Rixos” oteli və digər obyektlər istifadəyə verilib.
Bu il inşası davam etdirilən və yeni tikilən obyektlər üçün dövlət büdcəsində nəzərdə tutulmuş vəsaitin 4 milyard 804,5 milyon manatından istifadə olunub.