DÜNYA
Ötən ilin 9 ayı ərzində Ermənistan əhalisinin sayı 130 min azalmışdır
Paris, 18 mart (AZƏRTAC). Ermənistan rəsmilərinin yaydıqları yalan məlumatlardan çıxış edən erməni təbliğat maşını ölkədə firəvan həyat, yaşayış səviyyəsinin getdikcə yüksəlməsi barədə boş hay-küy qaldırsa da, Ermənistandakı mövcud vəziyyət bunun əksini göstərir.
Fransadakı güclü erməni lobbisinin vəsaiti hesabına Parisdə gündəlik nəşr olunan “Ermənistan xəbərləri” jurnalı da artıq etiraf etməyə məcbur olmuşdur ki, Ermənistanda vəziyyət heç də ürəkaçan deyil və ailəsini dolandırmaq naminə xarici ölkələrə üz tutan ermənilər sayəsində əhali arasında ildən-ilə azalma müşahidə olunur.
Jurnalın Ermənistanda demoqrafik vəziyyətlə bağlı martın 17-də dərc olunan məqalədə dövlət statistika xidmətinin rəsmi rəqəmlərinə istinadla 2012-ci ilin 9 ayının nəticələri barədə məlumat verilmişdir. Məlumatda bildirilir ki, 2011-ci ilin müvafiq dövrü ilə müqayisədə 2012-ci ilin 9 ayı ərzində əhali 130 min nəfər azalmışdır. Əlbəttə, bu rəsmi məlumatdır, qeyri-rəsmi hesaba görə isə azalma on dəfələrlə artıqdır.
Məlumatda respublikada doğumun 3 faiz azaldığı və ölüm hallarının isə 0,8 faiz artdığı qeyd olunmuşdur. Ermənistan əhalisi qocalmaqda olan ölkələr sırasında qalmaqda davam edir.
Statistik məlumatda, həmçinin evlənmə hallarının 6,6 azaldığı və boşanmanın isə 3,1 faiz artdığı bildirilmişdir.
Əsgər Əliyev
AZƏRTAC-ın xüsusi müxbiri
Paris