SİYASƏT
ÖZ GÖZÜNDƏ TİRİ QOYUB, BAŞQASININ GÖZÜNDƏ ÇÖP AXTARIR
Berlin, 16 fevral (AZƏRTAC). Xəbər verdiyimiz kimi, fevralın 5-də keçirilən “Beynəlxalq təşkilatlarda üzvlük: suveren dövlətlərə təzyiq aləti və ya demokratik inkişafa kömək” adlı Yerevan-Moskva telekörpüsündə iki “müttəfiq” ölkənin ali qanunvericilik orqanlarının deputatları müxtəlif beynəlxalq təşkilatlarda qətnamələrlə əlaqədar müzakirələr və səsvermələr zamanı bir-birinin mövqeyini kifayət qədər dəstəkləməməkdə qarşılıqlı ittihamlar irəli sürmüşlər.
Məsələn, “Daşnakstyun” Erməni İnqilabi Fraksiyasının başçısı Vaan Ovanisyan Rusiya auditoriyasına şikayətlənmişdir ki, beynəlxalq arenada ənənəvi olaraq Rusiyanı dəstəkləyən erməni nümayəndə heyəti Ermənistanla bağlı məsələlərin müzakirəsi zamanı hələ də təklikdə qalır. RF Dövlət Dumasının deputatı Sergey Markov erməni həmsöhbətini az qala barmağı ilə hədələyərək narazılığını bildirmişdir ki, Strasburqda erməni nümayəndə heyətinin davranışı bəzən gözlənilməz olur. Rusiya deputatının sözlərinə görə, AŞPA-da Rusiya-Gürcüstan münasibətləri ilə bağlı məsələnin müzakirəsi zamanı Ermənistan nümayəndələri azərbaycanlılara qoşulub iclas salonunu tərk etmişdi. O, erməni həmkarlarını məzəmmət edərək demişdir: “Erməni nümayəndə heyəti dostlarını, yoxsa Qərbin “müstəmləkə” maraqlarını dəstəkləyəcəyini əvvəlcədən düşünməli idi. Əgər dostlarımız onlara kömək etməyimizi istəyirlərsə, döyüş meydanından qaçmamalıdırlar”.
KTMT-nin Moskva zirvə görüşündə Kollektiv Çevik Əməliyyat Qüvvələrinin (KÇƏQ) yaradılması barədə qərar qəbul edildikdən sonra hadisələr daha maraqlı inkişaf etmişdir. Erməni siyasətçilərin KÇƏQ-in onların Xankəndidəki oyuncaq rejimi üçün Ermənistan-Azərbaycan münaqişəsinin hərbi yolla həllinə qarşı az qala immunitet olacağı barədə eyfonik bəyanatlarından sonra Ermənistanın “Aravot” qəzeti qəflətən yenidən telekörpü mövzusuna qayıdaraq, baş redaktor Aram Abramyanın Dövlət Dumasının deputatına gecikmiş cavabını dərc etmişdir. Abramyan yazır: “Qonşu ölkənin (Abxaziya və Cənubi Osetiya) az qala yarısını tutması (rusların) azmış kimi, hələ bir bizimkilər (ermənilər) rusları müdafiə etmək üçün sinələrini qabağa verməlidirlər”.
Şərhə ehtiyac yoxdur, xüsusilə də Ermənistanın KÇƏQ-ə ümid bəslədiyi bir vaxtda. Həqiqətən, öz gözündə tiri görmür, başqasının gözündə çöp axtarırlar!
Vüqar Seyidov
AZƏRTAC-ın xüsusi müxbiri
Berlin