MƏDƏNİYYƏT
“Öz məşəlini alovlandır!”
“Eurovision-2012” mahnı müsabiqəsinin məşq günlərində nümayəndə heyətlərinin otellərdən Dövlət Bayraq Meydanına daşınması lazımi səviyyədə təşkil edilmişdir
Bakı, 21 may (AZƏRTAC). Avropanın bir nömrəli musiqi yarışması olan “Eurovision-2012” mahnı müsabiqəsində iştirak etmək üçün paytaxtımıza 42 ölkədən nümayəndə heyətləri gəlmişdir.
Nəqliyyat Nazirliyinin mətbuat katibliyindən AZƏRTAC-a bildirmişlər ki, mayın 21-dək Bakıya ümumilikdə nümayəndə heyətlərinin 671 üzvü gəlmişdir ki, bunun da 665 nəfəri hava, 6 nəfəri isə dəmir yolu nəqliyyatından istifadə etmişdir. Qonaqların 152-si “Hyatt Regency” və “Hyatt Park”, 142-si “Hilton”, 108-i “Park İnn”, 58-i “JW Mariott”, 51-i “Avropa”, 29-u “Sapphir”, 14-ü “Chiraq Plaza” və digər otellərdə yerləşdirilmişdir.
Mayın 14-dən 20-dək məşq cədvəlinə uyğun olaraq, nümayəndə heyətlərinin otellərdən Dövlət Bayraq Meydanına daşınması lazımi səviyyədə təşkil edilmişdir. Bunun üçün E indeksli marşrutlarda mütəmadi olaraq 16 avtobus fəaliyyət göstərir, o cümlədən hərəsində 4 avtobus olmaqla Azadlıq meydanı-Tbilisi prospekti (E 2), Azadlıq meydanı-İçərişəhər (E 3), Azadlıq meydanı-Teymur Əliyev küçəsi (E 4) və Azadlıq meydanı-Dövlət Bayraq Meydanı istiqamətlərində (E 5) xətlər açılmışdır. Bundan əlavə, E 6, E 7 və E 8 indeksli marşrutların fəaliyyəti isə final və yarımfinal günləri üçün nəzərdə tutulur.
Həmin günlərdə yerli əhalinin daşınması üçün vətəndaşların avtomobillərini saxlaya biləcəkləri şəhərin 6 məntəqəsindən Dövlət Bayraq Meydanı istiqamətində avtobus marşrutunun xətləri müəyyən edilmişdir.
Türkiyədən icarəyə alınmış “MAN-Neoplan” markalı avtobusların 7-si təşkilat komitəsinin istifadəsindədir. Jurnalistlərin otellərdən Dövlət Bayraq Meydanına daşınması üçün 6 “İsuzu” markalı avtobus ayrılmışdır.
Şəhər ərazisində nəzərdə tutulmuş taksi dayanacaqlarında isə bu xidmət növü daim fəaliyyətdədir. Heydər Əliyev Beynəlxalq Aeroportunda mütəmadi olaraq 50 taksi müvafiq dayanacaqlarda xidmət göstərir.