MƏDƏNİYYƏT
“Öz məşəlini alovlandır!”
“Eurovision - 2012” təmsilçilərinin “Baku Crystal Hall”ın səhnəsi üçün geyimlərini hazırlayan dizaynerlərin adları məlum olmuşdur
Bakı, 11 may (AZƏRTAC). Bakıda keçiriləcək 57-ci “Eurovision” mahnı müsabiqəsi iştirakçılarının səhnə geyimlərinin dizaynerlərinin adları məlum olmuşdur.
AZƏRTAC eurovision.az saytına istinadla xəbər verir ki, Fransa təmsilçisi Anqun Bakı səhnəsinə məşhur Jan Pol Qotyenin hazırladığı geyimlə çıxacaqdır. İtaliyadan olan Nina Zillini Vivyen Uestvud, İsveç təmsilçisi Lorini Tommi Qranforsa, Rusiyadan olan "Buranosvkiye babuşki" qrupunu Tatyana Moskvina, Rumıniya təmsilçisi "Mandinga" qrupunun solo ifaçısı Yelena İoneskunun geyimini Mariya-Lusiya Xoxan hazırlayırlar.
Makedoniya təmsilçisi Kaliopi Bakı səhnəsinə Roza Trayçevska- Ristevskayanın hazırladığı geyimlə çıxacaqdır. Ukrayna təmsilçisi Qaytana üçün isə səhnə geyimini Yuliya Aysina tikir. Finlandiya təmsilçisi Pernillanın geyimini Katri Niskanen dizayn edəcəkdir. Latviya təmsilçisi Anmarinin səhnə paltarı İndra Saltsevitsa, İslandiyadan olan Qreta Salomenin geyimi Rebekka İnqimundarrdott tərəfindən hazırlanır.
Portuqaliya təmsilçisi Filipa Sousanın geyimini ötənilki kimi Nuno Baltazar tikəcəkdir. Bakı səhnəsinə Yunanıstanın adından çıxacaq Elefteriya gənc dizaynerlər Dimos Natar və Andreas Qeorqiunun tikdiyi geyimdə hamını valeh edəcəyini deyir. Kipr təmsilçisi İvi Adamounun cazibədarlığı "Dolce & Gabbana" moda evi ilə əməkdaşlıq edən Fani Xenofontosun geyimində nəzərə çarpacaqdır.
Azərbaycanın “Eurovision - 2012” mahnı müsabiqəsindəki təmsilçisi Səbinə Babayevanın mayın 26-da "Baku Crystal Hall"ın səhnəsində nümayiş etdirəcəyi şou üçün xüsusi geyim hazırlanır. Yaxın günlərdə təmsilçimizin geyiminin detalları barədə məlumat veriləcəkdir.