MƏDƏNİYYƏT
“Öz məşəlini alovlandır!”
Monteneqronun “Eurovision-2012”-dəki təmsilçisi mahnısını qeyri-adi şəraitdə təqdim edəcəkdir
Bakı, 10 mart (AZƏRTAC). Monteneqronun Bakıda keçiriləcək 57-ci “Eurovision” yarışmasında təmsilçisi, 48 yaşlı Rambo Amadeus müsabiqədəki mahnısını ilk dəfə martın 14-də ifa edəcəkdir.
AZƏRTAC eurovision.az saytına istinadla xəbər verir ki, həmin gün Belqradda nevrologiya mövzusunda elmi tədbirə dəvət almış müğənni bu məclisin əsas iştirakçıları arasında olacaq Belqrad Biologiya və Bioloji Tədqiqatlar İnstitutunun tələbələri qarşısında çıxış edəcəkdir. Məlumata görə, Rambo Amadeus həmin tədbirdə repertuarından bir neçə mahnını, o cümlədən “Eurovision-2012” müsabiqəsində oxuyacağı “Euro-Neuro” mahnısını ilk dəfə ifa edəcəkdir.
Qəribəliyi sevən Rambo Amadeus mahnısının rəsmi təqdimatını da fərqli etmək fikrindədir.
Monteneqro təmsilçisi Bakıdakı “Eurovision” səhnəsində mahnısını mayın 22-də, birinci yarımfinalda səsləndirəcəkdir.