MƏDƏNİYYƏT
“Öz məşəlini alovlandır”
Sloveniya təmsilçisi Eva Boto: Odlar Yurdunda olmağımdan çox şadam
Bakı, 16 may (AZƏRTAC). Odlar Yurdunda olmağımdan çox şadam.
AZƏRTAC xəbər verir ki, bu sözləri mayın 16-da “Baku Crystal Hall”da ilk məşqindən sonra keçirdiyi mətbuat konfransında Sloveniya təmsilçisi Eva Boto demişdir.
Müsabiqənin ən gənc ifaçılarından olduğunu deyən müğənni, 10 yaşından başlayaraq bir çox beynəlxalq konfranslarda iştirak etdiyini bildirmişdir. İfa etdiyi mahnıların əksəriyyətinin bəstəçisi olan xanım təmsilçi gənc yaşında olmağına baxmayaraq belə bir mötəbər yarışmada ölkəsini təmsil etməkdən qürur duyduğunu vurğulamışdır.
Sloveniya təmsilçisi bildirmişdir ki, “Eurovision-2012” mahnı müsabiqəsinə xüsusi geyimdə çıxacaqdır. O, müğənnilik fəaliyyətini müsabiqədən sonra da davam etdirəcəyini diqqətə çatdırmışdır:
“Xüsusi favoritim yoxdur. “Baku Crystal Hall”un geniş və işıqlı səhnəsi mənə böyük enerji verir. Amma bütün bu gözəlliyə və möhtəşəmliyə rəng qatan isə, düşünürəm ki, müğənnidir”.
Musiqi tərcüməyə ehtiyacı olunmayan bir dildir deyən Eva Boto, yarışmada ifa edəcəyi mahnının doğma sloven dilində olduğunu bildirmişdir. Uşaqlıq yaşlarından bu müsabiqəni izlədiyini bildirən müğənni Bakıdakı “Eurovision” səhnəsində çıxışını həyatında ən böyük təcrübə, çətin və məsuliyyətli bir iş olduğunu diqqətə çatdırmışdır.