MƏDƏNİYYƏT
“Öz məşəlini alovlandır!”
“Step İn” gənclərin təşəbbüs qrupu “Step İn Marathon” layihəsinə başlamışdır
Bakı, 16 may (AZƏRTAC). “Step İn” gənclərin təşəbbüs qrupu “Eurovision-2012” mahnı müsabiqəsinə dəstək naminə həyata keçirilən “Alovumuza dəstək ol!” (“Support Our Fire”) kampaniyası çərçivəsində “Step İn Marathon” layihəsinə başlamışdır.
AZƏRTAC xəbər verir ki, mayın 14-dən 17-dək keçirilən marafon özündə Qazax, Ağstafa, Tovuz, Şəmkir, Gəncə, Mingəçevir, Şəki, Qəbələ, İsmayıllı, Şamaxı və Bakı şəhərlərində “Eurovision-2012”yə dəstək naminə gənclər tərəfindən həyata keçirilən silsilə tədbirləri birləşdirir.
Marafona Qazax şəhərində “məşəl”in yandırılması və atəşfəşanlıqla başlanılmışdır. Daha sonra “məşəl” Ağstafa və Tovuz rayonlarına ötürülərək 400-ə yaxın gəncin iştirakı ilə əyləncəli konsert proqramı təşkil edilmişdir.
Gənclərin fəallığı ilə müşahidə olunan tədbirlərdə onlara “Eurovision”la bağlı suallar ünvanlanmış, sualların cavablarını hamıdan əvvəl tapan gənclər təşkilatçılar tərəfindən dəyərli hədiyyələrlə mükafatlandırılmışlar.