MƏDƏNİYYƏT
“Öz məşəlini alovlandır!”
Üç min gənci əhatə edən “Step İn Marathone” kampaniyasına yekun vurulmuşdur
Bakı, 21 may (AZƏRTAC). “Step İn” gənclərin təşəbbüs qrupu “Eurovision-2012” mahnı müsabiqəsi ilə əlaqədar “Alovumuza dəstək ol!” (“Support Our Fire”) layihəsi çərçivəsində “Step İn Marathon” kampaniyasına yekun vurmuşdur.
AZƏRTAC xəbər verir ki, kampaniyanın məqsədi “Eurovision” layihəsinin “Qərbdən Şərqə” gəlməsinə uyğun olaraq Azərbaycanın qərb sərhədində yerləşən regionlardan şərqdə yerləşən regionlara qədər “Eurovision” məşəlinin yandırılması və bölgələrin də “alovumuza” dəstək olmasını təmin etmək idi.
Kampaniya çərçivəsində Qazax şəhərində yandırılan məşəl növbə ilə Ağstafa, Tovuz, Şəmkir, Gəncə, Mingəçevir, Şəki, Qəbələ, İsmayıllı, Şamaxı və Bakı şəhərlərinə ötürülmüşdür. Regionlarda məşəlin yandırılması atəşfəşanlıqla müşayiət olunmuş və hər bir region tərəfindən özünəməxsus şəkildə qeyd edilmişdir. Kampaniya ümumilikdə 3 mindən artıq gənci əhatə etmişdir.
“Step In” (www.stepin.az) Bakıda keçirilən “Eurovision-2012” mahnı müsabiqəsi ətrafında gənclərin ideyalarının reallaşdırılması məqsədilə yaradılmış gənclərin təşəbbüs qrupudur.