DÜNYA
Özbəkistan Prezidenti Əfqanıstan məsələsi üzrə beynəlxalq qrup yaradılmasını təklif edib
Bakı, 13 oktyabr, AZƏRTAC
Özbəkistan Əfqanıstanın problemləri üzrə beynəlxalq qrup yaratmaq ideyası ilə BMT-yə müraciət ünvanlanmağı təklif edir.
AZƏRTAC xəbər verir ki, Özbəkistan Prezidenti Şavkat Mirziyoyev bu təklifi Asiyada Qarşılıqlı Fəaliyyət və Etimad Tədbirləri üzrə Müşavirənin (AQEM) Astanada keçirilən zirvə toplantısında səsləndirib.
“Əfqanıstan məsələsində geniş konsensusa nail olmaq və qlobal səviyyədə tədbirlər görmək məqsədilə tərəflər arasında öhdəliklərinin mərhələli şəkildə yerinə yetirilməsi alqoritmini hazırlamaq və Kabillə razılaşdırmaq üçün yüksək səviyyəli beynəlxalq danışıqlar qrupunun yaradılması təşəbbüsü ilə Asiya ölkələrinin BMT Baş Assambleyasına birgə müraciəti imkanlarını nəzərdən keçirməyi təklif edirik”, - deyə Şavkat Mirziyoyev bildirib.
Onun sözlərinə görə, rəsmi Daşkənd Əfqanıstanın müvəqqəti hökuməti ilə qarşılıqlı fəaliyyət üçün ümumi razılaşdırılmış yanaşmaların işlənib hazırlanmasını vacib hesab edir.
“Təəssüf ki, digər kəskin beynəlxalq problemlər fonunda Əfqanıstan məsələsi arxa plana keçib. Biz bu ölkənin faktiki olaraq beynəlxalq terror qovşağına çevrildiyi dövrün kədərli təcrübəsinin təkrarlanmasına yol verə bilmərik. Əfqanıstanın müvəqqəti hökuməti ilə qarşılıqlı fəaliyyət üçün ümumi razılaşdırılmış yanaşmalar hazırlamaq lazımdır”, - deyə Özbəkistan Prezidenti əlavə edib.