DÜNYA
Özbəkistanda 1,5 ton narkotik yandırılmışdır
Daşkənd, 27 iyun (AZƏRTAC). Narkomaniya və Narkobiznesə qarşı Beynəlxalq Mübarizə Günü ilə əlaqədar narkobizneslə mübarizə tədbirləri çərçivəsində Özbəkistanda aparılan əməliyyat tədbirləri nəticəsində son vaxtlar hüquq mühafizə orqanlarının əməkdaşları tərəfindən yaxalanan şəxslərdən götürülən 1537 kiloqram heroin, həşiş, marixuana və digər narkotik tərkibli maddələr Daşkənd zavodlarının birində yandırılmışdır.
Tədbirdə Özbəkistanın hökumət strukturlarının, Daşkənddə fəaliyyət göstərən səfirlik və beynəlxalq təşkilatların nümayəndələri, yerli və xarici jurnalistlər iştirak etmişlər.
Mətbuat konfransında deyilmişdir ki, ötən il Özbəkistanda narkotik qaçaqmalçılığı ilə əlaqədar 8155 cinayət hadisəsi aşkar edilmişdir. Özbəkistan hüquq mühafizə orqanlarının əməkdaşları tərəfindən tutulan narkotiklər müntəzəm olaraq zavodda yandırılır. Qeyd olunmuşdur ki, 1994-cü ildən indiyədək ölkədə 50 ton narkotik maddə bu yolla məhv edilmişdir.
Qulu Kəngərli
AZƏRTAC-ın xüsusi müxbiri
Daşkənd