MƏDƏNİYYƏT
Özbəkistanda azərbaycanlı yazıçı, şair Maqsud Şeyxzadənin xatirəsi anılıb
Bakı, 17 noyabr, AZƏRTAC
Özbəkistanın Dövlət Nəqliyyat Universitetində azərbaycanlı yazıçı, şair, dramaturq, tərcüməçi və ədəbiyyatşünas, Özbəkistanın Əməkdar incəsənət xadimi Maqsud Şeyxzadənin anadan olmasının 114-cü ildönümünə həsr olunmuş tədbir keçirilib.
Özbəkistandakı Heydər Əliyev adına Azərbaycan Mədəniyyət Mərkəzindən AZƏRTAC-a verilən məlumata görə, Dövlət Nəqliyyat Universitetinin prorektoru Dilşod Baratov Maqsud Şeyxzadənin yaradıcılığı və onun özbək ədəbiyyatına verdiyi töhfələrdən danışıb. Prorektor bildirib ki, böyük ədibin adı Qafur Qulam, Oybək, Abdulla Qahhar, Qeyrət, Osman Nəsir və digər məşhur ustadların adları ilə yanaşı çəkilir. D.Baratov Maqsud Şeyxzadənin dramaturgiya sahəsində böyük əsərlər yaratdığını və əbədi olaraq öz adını ədəbiyyatımıza qızıl hərflərlə yazdığını qeyd edib.
Azərbaycan Mədəniyyət Mərkəzinin Kitabxana-İnformasiya Mərkəzinin rəhbəri Kifayət Pirməmmədova Azərbaycan və özbək xalqlarının böyük oğlu, şair M.Şeyxzadənin xidmətlərinin hər iki ölkədə yüksək qiymətləndirildiyini, yazıçının Özbəkistan dövləti tərəfindən "Böyük xidmətlərinə görə" ordeni ilə təltif olunduğunu vurğulayıb. K.Pirməmmədova qeyd edib ki, M.Şeyxzadə iki xalqın dostluq münasibətlərinin rəmzidir, bu cür şəxsiyyətlər öz fəaliyyəti ilə xalqlarımız arasında əməkdaşlığın dostluğun, möhkəmləndirilməsi və genişləndirilməsi üçün "körpü" rolunu oynayır.
Özbəkistanın Respublika Mənəviyyat və Mərifət Mərkəzinin baş mütəxəssisi Gülçehrə İbrahimova yazıçı və şair M.Şeyxzadənin yaradıcılığına toxunaraq “Mirzə Uluqbəy”, “Cəlaləddin Manquberdi” dramları, “Daşkəndnamə” poemalarını təhlil edərək, onlardan parçalar oxuyub.
Sonda tədbir iştirakçıları Maqsud Şeyxzadəyə həsr olunmuş fotosərgi ilə tanış olublar. Azərbaycan Mədəniyyət Mərkəzinin “Əməkdar artist Kaykeb Aliyeva adına Azərbaycan qızları” rəqs ansamblı konsert proqramı ilə çıxış edib.