İQTİSADİYYAT
Özəl sektorda əmək və məşğulluq məsələlərinin müzakirəsinə həsr olunmuş tədbir keçirilmişdir
Bakı, 15 mart (AZƏRTAC). Martın 15-də Bakıda BMT-nin “Qlobal Saziş” üzrə Azərbaycan Şəbəkəsi (GCLN), Beynəlxalq Əmək Təşkilatı (BƏT) və Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən BMT-nin minilliyin inkişaf məqsədlərinin tərkib hissəsi olan “Dayanıqlı inkişaf məqsədləri”nə dair “dəyirmi masa” keçirilmişdir.
Nazirliyin ictimaiyyətlə əlaqələr şöbəsindən AZƏRTAC-a bildirmişlər ki, tədbir özəl sektorda əmək və məşğulluq məsələlərinin müzakirəsinə həsr olunmuşdur.
“Dəyirmi masa”da nazirliyin nümayəndəsi Elnur Camalxanov və BMT-nin İnkişaf Proqramının nümayəndəsi Antonius Broek açılış nitqi ilə çıxış etmişlər.
Özəl sektorun, həmkarlar ittifaqlarının və şirkətlərin bir araya gəldikləri görüşdə “Dayanıqlı inkişaf məqsədləri”ndən irəli gələn məsələlərin qiymətləndirilməsi və bu məsələlərlə bağlı 2015-ci ildən sonrakı dövrdə həyata keçiriləcək prosesdə biznes və dövlət sektorunun rolu müzakirə edilmişdir. Həmçinin gənclərin məşğulluğunun təmin edilməsi, yeni iş yerlərinin yaradılması, iş yerlərində əmək şəraitinin yaxşılaşdırılması və müəssisələrdə əməyin mühafizəsi və digər məsələlər ətrafında fikir mübadiləsi aparılmışdır.