REGİONLAR
Pambıq və tütün əkini işlərinin gedişi barədə məlumat
Bakı, 28 aprel, AZƏRTAC
Ölkədə qeyri-neft sektorunun inkişaf etdirilməsi ilə bağlı həyata keçirilən tədbirlər çərçivəsində digər sahələrlə yanaşı, pambıqçılığın və tütünçülüyün inkişaf etdirilməsi dövlətin aqrar siyasətinin prioritet vəzifələrindən biridir.
AZƏRTAC xəbər verir ki, respublika üzrə pambıq və tütün əkini işlərinin gedişi barədə aprelin 28-nə olan məlumata görə pambıq əkini üzrə respublikanın 24 rayonunda torpaq mülkiyyətçiləri ilə 52120 hektar üzrə müqavilə bağlanıb. Fermerlər tərəfindən 48 min 626 hektar ərazidə şumlama aparılıb, 26 min 374 hektar sahədə isə çiyid səpilib. Kənd təsərrüfatının bu sahəsində işlə təmin olunanların sayı 5774 nəfər təşkil edib.
Tütün əkini sahəsində də xeyli iş görülüb. Belə ki, 14 rayonun ərazisində torpaq mülkiyyətçiləri ilə 1800 hektar üzrə müqavilə bağlanıb. 1854 hektar ərazidə şumlama aparılıb, 649 hektar sahəyə şitil köçürülüb. Ümumilikdə, tütünçülük sahəsində 2439 nəfər işlə təmin olunub.