SİYASƏT
PAN Gİ MUN: AYRI-SEÇKİLİYƏ ƏHALİNİN ƏN ZƏİF MÜDAFİƏ OLUNAN TƏBƏQƏLƏRİ MƏRUZ QALIR
Bakı, 11 dekabr (AZƏRTAC). Ayrı-seçkiliyə əhalinin ən zəif müdafiə olunan təbəqələri - əlillər, qadınlar, yoxsullar, miqrantlar, milli azlıqlar məruz qalırlar. Lakin ayrı-seçkiliyin qurbanları tənha deyillər. Birləşmiş Millətlər Təşkilatı (BMT) onları dəstəkləyir və hamının, xüsusən, daha zəif müdafiə olunanların hüquqlarını müdafiə etmək əzmindədir. Bu fikirlər BMT-nin Baş katibi Pan Gi Munun Beynəlxalq İnsan hüquqları günü ilə əlaqədar yayılmış müraciətində yer almışdır. Bu il həmin gün ayrı-seçkilik hallarına qarşı mübarizəyə həsr olunmuşdur.
BMT Baş katibinin fikrincə, dünyada heç bir ölkə ayrı-seçkilik hallarını tam aradan qaldıra bilməmişdir. Odur ki, planetimizdə qeyri-bərabərliyə və dözümsüzlüyə qarşı mübarizəni davam etdirmək lazımdır.
Baş katib demişdir: “Biz ayrı-seçkiliyi müxtəlif formalarda müşahidə edirik. O, institusional irqçilik, etnik münaqişə, dözümsüzlük və qəbuledilməzlik, yaxud milli tarixin başqa xalqların özünəməxsusluğunu rədd edən versiyası formalarını ala bilər. BMT bu biabırçı halın qurbanlarının hüquqlarını müdafiə etmək əzmindədir. Bu, fərqli xüsusiyyətimiz və məqsədimizdir”.
P.G.Mun qərəzçilik və nifrət hallarına qarşı mübarizədə beynəlxalq hüquq müdafiə təşkilatlarının mühüm rolunu vurğulamış, hamını ayrı-seçkilik hallarına qarşı mübarizədə BMT-yə və hüquq müdafiəçilərinə qoşulmağa çağırmışdır.
Təəssüf ki, Azərbaycan da ayrı-seçkiliyin formalarından birinin qurbanıdır. Ermənistanın Azərbaycana qarşı təcavüzü nəticəsində torpaqlarımızın 20 faizi işğal olunmuş, bir milyondan yuxarı həmvətənimiz qaçqına və məcburi köçkünə çevrilmişdir. BMT Təhlükəsizlik Şurasının və Baş Məclisinin qətnamələri işğal faktını pisləsə də, bu problem indiyədək həllini tapmamışdır.