SİYASƏT
Parisdə Azərbaycanın Avropaya inteqrasiyası ilə bağlı konfrans keçirilmişdir
Paris, 21 iyun ( AZƏRTAC ). Parisdə “Azərbaycanın Avropaya inteqrasiyası: çağırışlar və perspektivlər” mövzusunda konfrans keçirilmişdir.
Tədbiri açan Azərbaycanlı Gənclərin Avropaya İnteqrasiyası Assosiasiyasının (AGAT) sədri Gülsel Səfərova konfransın Azərbaycan Respublikası Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının, “Azəriqazbank”ın və “Gazelli” şirkətinin, Azərbaycanın Fransadakı səfirliyinin dəstəyi, AGAT və Fransa-Azərbaycan Gənclər Cəmiyyətinin (AFAJ) təşkilatçılığı ilə keçirildiyini xatırlatmışdır.
G.Səfərova Avropaya inteqrasiya prosesində azərbaycanlı gənclərin iştirakı ilə rəhbərlik etdiyi qurumun Azərbaycan-Avropa əlaqələrini inkişaf etdirmək və Avropa Gənclər Təşkilatı ilə əməkdaşlığı möhkəmlətmək istiqamətində işlər aparıldığını demişdir. 2007-ci ildə təsis olunmuş AGAT-ın Avropa İttifaqı, Avropa Şurası və Avropa fondları ilə birgə layihələri reallaşdırdığını da bildirmişdir. AGAT 2009-cu ildən Fransa şəbəkəsinə üzv olmağa səy göstərmiş və 2010-cu ildən onun tam hüquqlu üzvü olmuşdur. Fransa şəbəkəsi daxilində Azərbaycanda, Parisdə və Strasburqda bir çox layihələrə uğurlu imza atılmışdır. Azərbaycan Fransanı həm özünə tərəfdaş, həm də dost hesab etdiyindən belə bir konfransın Parisdə keçirilməsi heç də təsadüfü xarakter daşımır.
Azərbaycanın Fransadakı səfiri Elçin Əmirbəyov “Azərbaycanın Avropaya inteqrasiyası: siyasi baxış” mövzusunda çıxışında ölkəmizin tarixən Avropa ilə iqtisadi, mədəni və humanitar sahələrdə sıx əməkdaşlıq etdiyini, müasir dövrdə Avropa və Avratlantik məkan ilə ümumu dəyərləri tam paylaşan bir ölkəyə çevrilməkdə olduğunu bildirmişdir. Azərbaycanın 1991-ci ildən etibarən müstəqilliyini bərpa etdikdən sonra xarici siyasətində Avropaya inteqrasiya məsələsinin prioritetlərindən biri olduğunu xatırladan diplomat 1918-ci il may ayında yaradılmış Azərbaycan Xalq Cümhuriyyətinin Şərqdə ilk demokratik dəyərlərə əsaslanan bir dövlət kimi fəaliyyət göstərdiyini vurğulamışdır.
E.Əmirbəyov demişdir ki, Azərbaycanın regional nəqliyyat layihələrindən, 2009-cu ildə Avropa İttifaqının “Şərq tərəfdaşlığı” proqramına cəlb olunması məsələsindən Avropaya inteqrasiyası çərçivəsində ölkəmizin Fransa ilə dostluq münasibətlərindən danışmış.
“Avropanın enerji təhlükəsizliyində Azərbaycanın rolu” mövzusunda çıxış edən Azərbaycan Strateji Araşdırmalar Mərkəzinin əməkdaşı Gülmirə Rzayeva enerji təhlükəsizliyi baxımından Azərbaycanın regionda əsas rola malik olduğunu, 1994-cü ildə bağlanmış “Əsrin müqaviləsi”nin mühüm əhəmiyyət daşıdığını, yanacaq mənbəyi kimi son illər qaz istehsalına marağın daha da artdığını xatırlatmışdır. Strateji rolu gündən-günə yüksələn qazın istehsalında Azərbaycanın mühüm rolunu diqqətə çəkən məruzəçi 2017-ci ildən sonra “Şahdəniz-2” qaz yatağının istismarı və qazın Avropa bazarlarına çıxarılmasının perspektivlərindən, 2025-ci ildə qaz hasilatının 50-55 milyard kubmetrə çatacağından danışmışdır.
Azərbaycanın üç dəhlizdən Avropaya qaz ixrac etdiyini vurğulayan G.Rzayeva Xəzər dənizindən çıxarılan qazın Avropa üçün vacibliyini bildirmişdir.
Bakı Dövlət Universitetinin müəllimi Fazil Zeynalovun çıxışı “Azərbaycanın Avropaya inteqrasiyasının problemləri: Dağlıq Qarabağ münaqişəsi” mövzusuna həsr olunmuşdur. Məruzədə Dağlıq Qarabağın tarixən Azərbaycanın əzəli ərazisi olduğu, çar Rusiyası Azərbaycanın işğal etdikdən sonra etnik xəritədə dəyişiklik yaradaraq erməniləri ölkəmizin ərazilərində, xüsusilə Dağlıq Qarabağda yerləşdirdiyini diqqətə çəkilmişdir.
Avropa Şurasının və digər beynəlxalq təşkilatlarının Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin danışıqlar yolu ilə həllinin tərəfdarı olduğunu vurğulayan F.Zeynalov Lissabon samitində qəbul olunan Azərbaycan və Ermənistan respublikalarının ərazi bütövlüyü, Azərbaycanın daxilində Dağlıq Qarabağa ən yüksək muxtariyyət verilməsi və nəhayət Dağlıq Qarabağın əhalisi ilə birlikdə təhlükəsizliyinin təmin edilməsi prinsiplərindən bəhs etmişdir.
Sonda məruzələrə dair suallar cavablandırılmışdır.
Əsgər Əliyev
AZƏRTAC-ın xüsusi müxbiri
Paris