DÜNYA
Parisdə polislər statuslarını müdafiə etmək üçün səfərbər olmağa çağırıldılar
Paris, 11 dekabr, AZƏRTAC
Fransada təqaüd islahatına qarşı etiraz aksiyaları getdikcə daha da intensivləşir.
AZƏRTAC xəbər verir ki, dekabrın 11-də hökumət təqaüd islahatı ilə bağlı yeni qanun layihəsinin tam mətnini açıqlayacağını bildirib.
Fransa Milli Polis Alyansı (Alliance Police Nationale), UNSA Police və UNİTE SGP Police kimi böyük polis həmkarlar təşkilatları yeni layihənin tam mətninin hökumət tərəfindən elan edilməsindən əvvəl bütün polisləri bu gün saat 10:30-da iqtisadi, sosial və ətraf mühit şurasının qərargahı ətrafında səfərbər olmağa çağırıb.
“Ölkəni müdafiə edə bilmək bacarığımızı göstərdik, öz statusumuzu müdafiə etmək bacarığımızı da göstərə biləcəyik”, - deyə polis həmkarlar təşkilatları elan edib.
Qeyd edək ki, hökumət yeni təqaüd islahatlarını həyata keçirməkdə israrlıdır. Ölkəni yeni təqaüd layihəsi əleyhinə tətil və nümayişlər bürüyüb.
Şəhla Ağalarova
AZƏRTAC-ın xüsusi müxbiri
Paris