DÜNYA
Parisdə soyğunçular mağazadan 600 min avroluq ziynət əşyaları aparmışlar
Paris, 23 mart (AZƏRTAC). Son bir həftədir ki, Parisin Vandom meydanı ilə Opera meydanı arasında yerləşən bahalı mağazalar oğruların hədəfinə çevrilmişdir.
Odlu silah və balta ilə silahlanmış iki maskalı naməlum şəxs Yelisey sarayının yerləşdiyi Sən-Onere küçəsində bahalı ziynət əşyalarının və paltarların satıldığı üçmərtəbəli məşhur “Colette “ mağazasına daxil olmuş və burada çalışan 6 işçini hədələməklə hər birinin qiyməti 12-13 min avro olan çoxlu sayda saat və bahalı geyim əşyaları götürmüşlər. Soyğunçular heç bir maneə ilə üzləşmədən sakitcə mağazanı tərk etmiş və özlərindən sonra bir iz qoymadan aradan çıxmağa müvəffəq olmuşlar.
Mağazaya baş çəkən Parisin birinci rayonunun meri jurnalistlərə məlumat vermişdir ki, cinayətkarlar 600 min avrodan artıq bahalı saatlar və digər ziynət əşyaları aparmışlar.
Xatırladaq ki, bir neçə gün əvvəl elə həmin küçədə yerləşən bir mağazadan qarətçilər 2 milyon avro dəyərində qiymətli ziynət əşyaları oğurlamışlar.
Əsgər Əliyev
AZƏRTAC-ın xüsusi müxbiri
Paris