DÜNYA
“Pekin-2022” heyəti arasında ötən sutka 5 nəfərin koronavirusa yoluxduğu aşkarlanıb
Pekin, 9 fevral, AZƏRTAC
“Pekin-2022” Qış Olimpiya Oyunları heyəti arasında ötən sutka 5 nəfərin COVID-19 infeksiyasına yoluxduğu aşkarlanıb.
AZƏRTAC 24-cü Qış Olimpiya Oyunlarının təşkilat komitəsinə istinadla xəbər verir ki, ötən sutka Olimpiada üçün xarici ölkədən 205 nəfər, o cümlədən 128 atlet və komanda rəsmisi Çinə gəlib. Hava limanında verilmiş test nəticəsində onlardan 3 nəfərin virusa yoluxması faktı aşkarlanıb.
Bundan başqa, Olimpiya Oyunları üçün təsdiqlənmiş epidemiya əleyhinə qaydalara əsasən, Olimpiadaya cəlb olunanlar, yəni idmançılar, məşqçilər, komanda heyəti, texniki heyət, könüllülər, jurnalistlər hər gün test verir. Ötən sutka 70 min 707 nəfər test edilib, nəticədə 2 nəfərin virusa yoluxması müəyyən olunub.
“Pekin-2022” Qış Olimpiya Oyunları ilə əlaqədar “qapalı sistem”in tətbiq olunmağa başladığı yanvarın 23-dən bəri 398 nəfərin, o cümlədən 162 idmançının test cavabı pozitiv olub. Yanvarın 23-dən bəri Olimpiya Oyunları üçün Çinə 13 min 35 nəfər gəlib. Həmin gündən indiyədək “Pekin-2022” ilə əlaqədar 1 milyon 30 min PCR (polimerazalı zəncir reaksiyası) analizi götürülüb.
Qeyd edək ki, COVID-19 pandemiyasına təsadüf edən “Pekin-2022” Qış Olimpiya Oyunlarında epidemiya əleyhinə xüsusi qaydalar tətbiq olunur. Xaricdən gələn bütün heyət üzvləri hava limanından etibarən “qapalı sistem”ə düşür. Onlar “Olimpiya kəndi”, yarış məkanları və Olimpiya Oyunları üçün nəzərdə tutulan digər yerlərdən kənara çıxa bilməzlər. Bu qayda Olimpiya Oyunlarına cəlb olunan yerli heyətə də aiddir.
Şahin Cəfərov
AZƏRTAC-ın xüsusi müxbiri
Pekin