İQTİSADİYYAT
Pekində Azərbaycan və Çin arasında mülki aviasiya sahəsində əməkdaşlığa dair müzakirələr aparılmışdır
Pekin, 18 yanvar (AZƏRTAC). Pekində Azərbaycan Respublikasının və Çin Xalq Respublikasının (ÇXR) mülki aviasiya nümayəndə heyətləri arasında danışıqlar keçirilmişdir.
ÇXR Mülki Aviasiya Administrasiyasında dostluq və qarşılıqlı anlaşma şəraitində keçən danışıqlar zamanı ikitərəfli əməkdaşlıq məsələləri və iki ölkə arasında hava əlaqəsinin genişləndirilməsi məsələləri müzakirə edilmişdir. Görüşdə həmçinin, Azərbaycan və Çin hökumətləri arasında hava əlaqəsi haqqında Sazişin layihəsi ekspertlər səviyyəsində razılaşdırılmışdır. Yaxın vaxtlarda imzalanması nəzərdə tutulan bu saziş iki ölkə arasında mülki aviasiya sahəsində müqavilə-hüquq bazasının təkmilləşdirilməsini və bu istiqamətdə əməkdaşlığın genişləndirilməsini nəzərdə tutur.
Məhsuldar keçən danışıqların nəticəsində Azərbaycan Respublikasının Dövlət Mülki Aviasiya Administrasiyası və ÇXR Mülki Aviasiya Administrasiyası arasında mülki aviasiya sahəsində Anlaşma Memorandumu imzalanmışdır. Sənədi Azərbaycan Respublikası Dövlət Mülki Aviasiya Administrasiyası direktorun müavini Fuad Quliyev və ÇXR Mülki Aviasiya Administrasiyası beynəlxalq əməkdaşlıq idarəsinin rəisi Xan Cün imzalamışlar. Bu sənədə əsasən “Azərbaycan Hava Yolları” QSC yaxın vaxtlarda Bakı-Pekin-Bakı istiqamətində birbaşa uçuşlara başlaya biləcəkdir.
Xatırladaq ki, indiyədək Azərbaycanın mülki aviasiya şirkətləri Çinin Urumçi, Şanxay və Honkonq şəhərlərinə sərnişin və yük daşımalarını həyata keçirirdi.
Azərbaycan Respublikasının Dövlət Mülki Aviasiya Administrasiyası direktorunun müavini Fuad Quliyevin rəhbərlik etdiyi nümayəndə heyətinin tərkibinə “Azərbaycan Hava Yolları” QSC-nin, ölkəmizin Çindəki səfirliyinin əməkdaşları, “SilkWay Travel” turizm şirkətinin təmsilçiləri daxildir.
Şahin Cəfərov
AZƏRTAC-ın xüsusi müxbiri
Pekin