DÜNYA
Pekində BRİCS ölkələrinin media forumu keçirilir
Pekin, 8 iyun, AZƏRTAC
Pekində Sinxua agentliyinin ev sahibliyi ilə BRİCS (Braziliya, Rusiya, Hindistan, Çin, Cənubu Afrika Respublikası) ölkələrinin media forumu işə başlayıb. Təşkilata üzv dövlətlərdən ümumilikdə 27 mətbuat qurumunun rəhbər şəxslərinin qatıldığı forumda media əməkdaşlığının dərinləşdirilməsi məsələləri müzakirə olunur.
Forum çərçivəsində BRİCS Media Forumu rəyasət heyətinin də iclası keçirilib. İclasda Sinxuanın prezidenti Çay Mincao bəyan edib ki, rəhbərlik etdiyi agentlik BRİCS ölkələrinin mətbuat sahəsində əməkdaşlığının dərinləşdirilməsi üçün yaradılan fonda 1 milyon ABŞ dolları vəsait ayırıb.
Pekində paralel olaraq BRİCS ölkələrinin birgə fotosərgisi də açılıb. Sərgidə üzv ölkələrin siyasi, iqtisadi, mədəni həyatını əks etdirən 170-dən çox foto nümayiş olunur.
Şahin Cəfərov
AZƏRTAC-ın xüsusi müxbiri
Pekin