İQTİSADİYYAT
Pekində keçirilən Transxəzər Beynəlxalq Nəqliyyat Dəhlizinə dair konfrans Çin mətbuatında geniş işıqlandırılıb
Bakı, 9 fevral, AZƏRTAC
Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyinin, Azərbaycanın Çin Xalq Respublikasındakı səfirliyinin və Çinin Kommersiya Nazirliyinin təşkilatçılığı ilə Pekində keçirilən "Kəmər və Yol" təşəbbüsünün reallaşmasında "Trans-Xəzər Şərq-Qərb Ticarət və Tranzit Dəhlizinin rolu" mövzusunda beynəlxalq konfrans Çin mətbuatında geniş işıqlandırılıb. Azərbaycan Xarici İşlər Nazirliyinin mətbuat xidmətindən AZƏRTAC-a bildirilib ki, konfransda 30-dan çox çinli jurnalist iştirak edib.
Tədbir ÇXR Dövlət Şurasının rəsmi veb səhifəsi, ölkənin aparıcı xəbər agentliyi olan “Xinhua” da daxil olmaqla çoxsaylı yerli informasiya agentlikləri tərəfindən geniş şəkildə işıqlandırılıb.
Bununla yanaşı, tədbirlə əlaqədar olaraq Çində səfərdə olan Azərbaycanda İxracın və İnvestisiyaların Təşviqi Fondunun (AZPROMO) rəhbəri Rüfət Məmmədov Çinin dövlət televiziyası olan CCTV-nin ingilis variantı CGTN-də (China Global Television Network) nümayiş olunan “The Point” verilişində qonaq qismində iştirak edərək Azərbaycanda mövcud investisiya mühiti, eləcə də Trans-Xəzər Şərq-Qərb Ticarət və Tranzit Dəhlizinə dair geniş məlumat verib.