CƏMİYYƏT
Penitensiar Xidmət Beynəlxalq Qırmızı Xaç Komitəsi ilə səmərəli əməkdaşlıq edir
Bakı, 31 avqust (AZƏRTAC). Ədliyyə nazirinin müavini, Penitensiar Xidmətin rəisi, ədliyyə general-leytenantı Mədət Quliyev Beynəlxalq Qırmızı Xaç Komitəsinin (BQXK) Avropa və Mərkəzi Asiya üzrə əməliyyatlarının başçısı Korba Loranın başçılıq etdiyi nümayəndə heyəti ilə görüşmüşdür.
Penitensiar Xidmətin ictimaiyyətlə əlaqələr şöbəsindən AZƏRTAC-a bildirmişlər ki, görüşdə Mədət Quliyev BQXK-nin 1992-ci ildən etibarən Azərbaycandakı səmərəli fəaliyyətindən bəhs etmiş, bu təşkilatın Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi ilə əlaqədar itkin və əsir düşən şəxslərin taleyinə aydınlıq gətirilməsi, hərbi əməliyyatlar nəticəsində mənəvi və fiziki zərər çəkmiş insanlara yardım edilməsi sahəsində xüsusi xidmətlərinin olduğunu qeyd etmişdir.
Nazir müavini qonaqlara Penitensiar Xidmətin fəaliyyəti, son vaxtlar məhkumların saxlanma şəraitinin yaxşılaşdırılması, müasir beynəlxalq standartlara cavab verən yeni penitensiar müəssisələrin inşası istiqamətində davam etdirilən işlər barəsində məlumat vermişdir. M.Quliyev BQXK ilə Penitensiar Xidmət arasındakı əməkdaşlığı çox yüksək qiymətləndirərək son illər ərzində məhz komitə ilə əməkdaşlığın daha da genişlənməsi nəticəsində məhkumlara və təqsirləndirilən şəxslərə, xüsusilə də ağciyər vərəminə düçar olmuşlara göstərilən səhiyyə xidmətinin səviyyəsinin xeyli artdığını, bunun da nəticəsində həmin xəstəlikdən vəfat edən şəxslərin sayının nəzərəçarpacaq dərəcədə azaldığını və artıq ölkəmizin bu təcrübəsindən bir çox dövlətlərin nümayəndələrinin də bəhrələndiklərini bildirmişdir.
BQXK-nin Avropa və Mərkəzi Asiya üzrə əməliyyatlarının başçısı Korba Loran Azərbaycan Respublikasının Ədliyyə Nazirliyinin Penitensiar Xidməti ilə əməkdaşlığın səmərəli olduğunu qeyd etmiş və komitənin tövsiyələrinə penitensiar müəssisələr tərəfindən daha fəal reaksiya verildiyini, bu tövsiyələrə əməl olunduğunu xüsusilə vurğulamışdır.
Səmimi və işgüzar əməkdaşlıqdan məmnun qaldığını ifadə edən K.Loran penitensiar müəssisələrə baş çəkmək üçün dair lazımi şərait yaradıldığına görə minnətdarlığını bildirmişdir.
Görüşdə Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi ilə Beynəlxalq Qırmızı Xaç Komitəsi arasında əməkdaşlığın davam etdirilməsinin zəruriliyi qeyd olunmuşdur.