DÜNYA
PENTAQON QİTƏLƏRARASI BALLİSTİK RAKETLƏRİN UĞURLU SINAĞINI KEÇİRMİŞDİR
Bakı, 17 iyun (AZƏRTAC). Pentaqon qitələrarası ballistik raketlərin uğurlu sinağının keçirildiyini bildirmişdir. ABŞ-ın Sakit okean sahillərindəki Vandenberq aviabazasından şaxtadan buraxılan “Minitmen-3” qitələrarası ballistik raketi 6743 kilometr məsafədə müəyyənləşdirilən hədəfi vurmuşdur.
Hərbi hava qüvvələrinin komandanlığından bildirilmişdir ki, havaya qalxan raketlər məlumatların toplanması üçün mürəkkəb avadanlıq daşıyırlar. Bu avadanlıqların göstəricilərindən müdafiə və energetika nazirliklərinin ekspertləri istifadə edəcəklər.
“Merilend” atom sualtı raketdaşıyıcı qayığından “Traydent-2” qitələrarası ballistik raketin 4 təlim buraxılışı olmuşdur. Həmin raketlər nüvə başlıqları daşımaq iqtidarına malikdir. Hərbi dəniz qüvvələrindən bildirilmişdir ki, təlim zamanı “əməliyyat etibarlılığı, dəqiqliyi və iş qabiliyyətli”liyinə dair qiymətli məlumat əldə olunmuşdur.