İQTİSADİYYAT
“Peşə standartlarından təhsil standartları və tədris planlarına doğru” mövzusunda seminar keçirilmişdir
Bakı, 24 may (AZƏRTAC). Mayın 24-də Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin, Təhsil Nazirliyinin, “Savadlı Cəmiyyət” Müasir Təhsilə Dəstək İctimai Birliyinin və Avropa Təhsil Fondunun birgə təşkilatçılığı ilə Şərqi Avropada fasiləsiz peşə təhsili üzrə regional layihə çərçivəsində “Peşə standartlarından təhsil standartları və tədris planlarına doğru” mövzusunda seminar keçirilmişdir.
Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin ictimaiyyətlə əlaqələr şöbəsindən AZƏRTAC-a bildirmişlər ki, seminarda məqsəd ölkədə insan kapitalının inkişaf etdirilməsi, əmək bazarının tələblərinə uyğun peşə standartlarının hazırlanması və tətbiqi nəticəsində rəqabət qabiliyyətli kadr potensialının formalaşdırılması, bu yolla əhalinin məşğulluğunun artırılmasına nail olmaq imkanlarını araşdırmaqdır . Bundan əlavə, iştirakçılar peşə standartları əsasında təhsil standartları, tədris planları və proqramlarının hazırlanması üçün prosedurların müəyyən olunmasını, bu işlərdə sahə komitələrinin iştirakını və digər məsələləri müzakirə etmişlər.
Mövzu ilə bağlı elmi-tədqiqat institutlarının, hökumət və qeyri-hökumət təşkilatlarının nümayəndələri, eyni zamanda, beynəlxalq ekspertlər tərəfindən təqdimatlar edilmiş, suvaqçı, otel inzibatçısı və fermer peşələri üzrə peşə standartlarının nümunələri göstərilmişdir.
Tədbirin sonunda iştirakçılar seminarın nəticələrindən irəli gələn fəaliyyət istiqamətləri, həmçinin növbəti addımlar barədə fikir mübadiləsi aparmışlar.