ELM VƏ TƏHSİL
“PEŞƏ TƏHSİLİ VƏ TƏLİMİ SAHƏSİNDƏ İSLAHATLAR STRATEGİYASI” LAYİHƏSİNİN İDARƏETMƏ KOMİTƏSİNİN İCLASI KEÇİRİLMİŞDİR
Bakı, 27 aprel (AZƏRTAC). Təhsil Nazirliyindən bildirmişlər ki, Avropa İttifaqının maliyyə dəstəyi ilə Britaniya Şurasının nazirliklə birgə həyata keçirdiyi “Peşə təhsili və təlimi sahəsində islahatlar strategiyası” layihəsinin idarəetmə komitəsinin iclası olmuşdur.
İclasda layihənin icrası haqqında üçüncü hesabat dinlənilmiş, layihə üzrə həyata keçirilən və planlaşdırılan tədbirlər müzakirə edilmişdir.
Təhsil naziri Misir Mərdanov ölkəmizdə peşə təhsilinin inkişafına böyük əhəmiyyət verildiyini bildirmiş, müvafiq layihənin məqsədləri barədə məlumat vermişdir. Nazir İsmayıllı rayonunda Turizm Peşə Təhsili Kompleksinin yaradılması istiqamətində görülən işlərdən danışmışdır.
“Peşə təhsili və təlimi sahəsində islahatlar strategiyası” layihəsinin rəhbəri Ann Castis layihə üzrə təqdimatla çıxış etmiş, təkliflər vermişdir.
Təhsil Nazirliyi texniki peşə təhsili şöbəsinin müdiri Namiq Məmmədov peşə təhsili sahəsinin inkişafı üçün həyata keçirilən tədbirlərdən bəhs etmişdir.