İQTİSADİYYAT
“Petkim” şirkəti ilin birinci yarısında 55 milyon türk lirəsi məbləğində xalis gəlir əldə edib
Bakı, 12 avqust (AZƏRTAC). Türkiyənin neft-kimya sənayesində yeganə xammal istehsalçısı olan “Petkim” şirkəti cari ilin birinci yarısında 55 milyon türk lirəsi məbləğində xalis gəlir əldə edib.
Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin (ARDNŞ) mətbuat xidmətindən AZƏRTAC-a bildiriblər ki, bu, ötən ilin analoji dövrünün göstəricisindən 10 dəfə çoxdur. 2014-cü ilin ilk altı ayında “Petkim”də istehsal 6 faiz artaraq, 1 milyon 471 tona yüksəlib. Şirkətin istehsal gücünün istifadə əmsalı isə 9 bənd yüksələrək 90 faizə çatıb.
“Petkim”in baş direktoru Sadəddin Qorqud neft-kimya bazarında şirkətin məhsullarına tələbatın artdığını bildirib. Bunu nəzərə alaraq etilen və PTA fabriklərində istehsalın illik həcminin 3,2 milyon tondan 3,6 milyon tona çatdırılması planlaşdırılır. Yeni istehsal güclərinin yaradılması istiqamətində işlər də uğurla gedir. Gələn il istifadəyə veriləcək “Petlim” konteyner limanı logistika sahəsində gəlir gətirməyə başlayacaq. İlk fazası 2015-ci ilin sonunda işə salınacaq külək elektrik stansiyası isə enerji istehsalını və çeşidliliyi artıracaq.