İQTİSADİYYAT
“PETRONAS” şirkətinin nümayəndə heyəti Azərbaycan Respublikası Dövlət Neft Şirkətində olmuşdur
Bakı, 27 may (AZƏRTAC). Mayın 27-də Azərbaycan Respublikası Dövlət Neft Şirkətində (ARDNŞ) Malayziyanın “PETRONAS” şirkətlər qrupunun prezidenti Tan Sri Dato Shamsul Azhar Abbasın rəhbərlik etdiyi nümayəndə heyəti ilə görüş keçirilmişdir.
ARDNŞ-in mətbuat xidmətindən AZƏRTAC-a bildirmişlər ki, qonaqları salamlayan şirkətin prezidenti Rövnəq Abdullayev “PETRONAS” şirkətinin nümayəndə heyətinin Azərbaycana səfərinin iki ölkə arasında münasibətlərin inkişafında mühüm rol oynayacağına əminliyini ifadə etmişdir.
Azərbaycanın dünya neft sənayesinə verdiyi töhfələrdən söz açan R.Abdullayev son illər ölkəmizin enerji sektorunda əldə etdiyi müvəffəqiyyətlər, infrastrukturun yenilənməsi, ölkədə və xaricdə həyata keçirilən layihələr haqqında qonaqlara ətraflı məlumat vermişdir.
“PETRONAS” şirkətlər qrupunun prezidenti Tan Sri Dato Shamsul Azhar Abbas Bakıya səfərindən məmnunluğunu ifadə etmiş və səmimi qəbul üçün ARDNŞ rəhbərliyinə minnətdarlığını bildirmişdir. Qeyd edilmişdir ki, ARDNŞ və “PETRONAS” arasında əməkdaşlıq bir neçə ildir gerçəkləşdirilir, amma şirkət rəhbərlərinin görüşü ilk dəfədir baş tutur.
Təmsil etdiyi şirkətlə ARDNŞ-in əməkdaşlığının genişləndirilməsində maraqlı olduqlarını bildirən “PETRONAS” şirkətinin prezidenti Azərbaycan şirkətinin regionda gerçəkləşdirdiyi layihələrdən xəbərdar olduqlarını və bu layihələrdə birgə əməkdaşlıqda maraqlı olduqlarını bildirmişdir. Qonaq əmin olduğunu bildirmişdir ki, əvvəlki illərdə olduğu kimi 2014-cü il və sonrakı illərdə də ARDNŞ-in Azərbaycanda, eləcə də ölkə xaricində həyata keçirdiyi digər enerji layihələrinin inkişafı baxımından dinamik keçəcək, uğurlu olacaqdır.
ARDNŞ-lə “PETRONAS” arasında müxtəlif layihələrdə əməkdaşlığın dərinləşməsi üçün böyük imkanlardan danışan Rövnəq Abdulayev qlobal layihələrdə birgə işləməkdə maraqlı olduqlarını söyləmişdir.
Görüşdə tərəfləri maraqlandıran digər məsələlər ətrafında fikir mübadiləsi aparılmışdır.