İQTİSADİYYAT
Pirallahı qəsəbəsində genişmiqyaslı tədbirlər həyata keçirilmişdir
Bakı, 22 yanvar (AZƏRTAC). Ötən il Pirallahı rayonunda 10 nömrəli birləşmiş şəhər xəstəxanası əsaslı təmir olunaraq sakinlərin istifadəsinə verilmiş, 168 nömrəli tam orta məktəbin əsaslı təmirinə başlanmışdır.
Rayon icra hakimiyyətindən AZƏRTAC-a daxil olan məlumata görə, bu barədə Pirallahı qəsəbə nümayəndəliyinin 2013-cü ilin yekunlarına həsr olunmuş hesabat yığıncağında bildirilmişdir.
Hesabat məruzəsi ilə çıxış edən Pirallahı Rayon İcra Hakimiyyəti başçısının Pirallahı qəsəbəsi üzrə nümayəndəsi Heydər Vəliyev qeyd etmişdir ki, bu dövrdə “Nümunəvi məhəllə” layihəsi uğurla davam etdirilmiş və ilk belə həyətlərdən biri 29-cu məhəllənin əhatə etdiyi ərazidə yaradılmışdır. Qəsəbənin S.Bağırov küçəsində və 28-ci məhəllədə yerləşən “xeyir-şər evləri” əsaslı təmir olunaraq sakinlərin istifadəsinə verilmişdir.
Bundan əlavə, 29-cu və 40-cı məhəllədəki “xeyir-şər evləri” yenidən qurulmuş, eləcə də Kamil Rzayev küçəsindəki tikintisi yarımçıq qalmış “xeyir-şər evi” yenidən tikilmişdir. Hazırda burada tamamlanma işləri görülür. Məhəlləarası yollara asfalt döşənmiş, yeni işıqlanma sistemi yaradılmış, yaşıllıq zolaqları salınmışdır. Binalar arasında sakinlər üçün istirahət köşkləri, uşaqlar üçün attraksionlar quraşdırılmışdır.
Yığıncaqda çıxış edən Pirallahı Rayon İcra Hakimiyyətinin başçısının müavini - sosial-iqtisadi inkişafın təhlili və proqnozlaşdırılması şöbəsinin rəisi Vəzir Səfixanov Prezident İlham Əliyev tərəfindən Bakı şəhərinin qəsəbələrinə göstərilən diqqət və qayğıdan, gələcəkdə Pirallahı qəsəbəsinin daha da abadlaşdırılması, sakinlərin həyat şəraitinin müasir standartlara cavab verə biləcək səviyyəyə çatdırılması üçün görülməli olan işlərdən danışmışdır.
Məruzəçi ötən il dövlət başçısının Fərmanı ilə yaradılmış, rayonda həyata keçirilmiş sosialyönümlü layihələr barədə geniş məlumat vermişdir.
Vurğulanmışdır ki, rayon icra hakimiyyəti tərəfindən görülən işlərdən əlavə “Nümunəvi məhəllə” layihəsi çərçivəsində digər məhəllələr də abadlaşdırılacaq, məhəllədaxili yollar təmir olunacaq, qəsəbədə yeni inzibati binalar və sosialyönümlü obyektlər inşa ediləcəkdir.
Ən əsası isə qəsəbənin su və kanalizasiya şəbəkələrinin yenidən qurulması işləri həyata keçiriləcək, istilik sisteminin bərpası başa çatdırılacaqdır.