DÜNYA
Polşa Rusiyadan kömür idxalını dayandırır
Varşava, 30 mart, AZƏRTAC
Polşanın Nazirlər Şurası (kabinet) Rusiyadan milli səviyyədə kömür idxalının qarşısını alan qanunvericilik sənədi qəbul edib.
AZƏRTAC xəbər verir ki, bu barədə hökumətin mətbuat katibi Piotr Müller məlumat verib. O bildirib ki, Polşa Aİ qərarlarını gözləmək fikrində deyil, ona görə də milli səviyyədə Rusiya kömüründən imtina barədə qərar verilib.
Nazirlər Şurasının qəbul etdiyi sənəd, həmçinin Rusiyaya dəstək göstərən təşkilatların aktivlərinin dondurulmasına, eləcə də milli səviyyədə sanksiyaların artırılmasına imkan verəcək.
P.Müller bildirib ki, kömür idxalı ilə bağlı tənzimləmə İqlim və Ekologiya Nazirliyi tərəfindən təklif olunub. O, belə bir qərarın Aİ tərəfindən daha əvvəllər verilmədiyini də təəssüflə qeyd edib.
Dövlət rəsmisinin sözlərinə görə, Polşa hökumətinin fərdi qaydada atdığı bu addımın hüquqi müstəvidə nəticələr doğura biləcəyini dərk edirlər, çünki sanksiyalar siyasəti Aİ səlahiyyətində olan məsələdir. Lakin bununla belə, Aİ-nin bu mövzuda reaksiyasını gözləməyə daha vaxt qalmayıb.
Qeyd edək ki, Polşa hökuməti Ukraynadakı vəziyyətlə əlaqədar bir neçə həftə bundan əvvəl Avropa İttifaqını Rusiyadan neft, qaz və kömür idxalını dayandırmağa çağırmışdı. Hazırda Polşada enerji istehlakının 80 faizi daş və qonur kömür hesabına başa gəlir. Yerli istehsalla yanaşı, kömürün bir hissəsi Rusiyadan alınır. Hökumət yaxın həftələrdə Rusiyadan neft idxalının dayandırılmasına dair planlarını da açıqlamaq niyyətindədir.
Elgün Niftəli
AZƏRTAC-ın xüsusi müxbiri
Varşava