İQTİSADİYYAT
Polşanın AGH Elm və Texnologiya Universitetinin rektoru Azərbaycan Respublikasının Dövlət Neft Şirkətində olmuşdur
Bakı, 8 iyul (AZƏRTAC). İyulun 8-də Azərbaycan Respublikası Dövlət Neft Şirkətində (ARDNŞ) Polşanın AGH Elm və Texnologiya Universitetinin (Krakov) rektoru, professor Tadeuş Slomkanın rəhbərlik etdiyi nümayəndə heyəti ilə görüş keçirilmişdir.
Şirkətin mətbuat xidmətindən AZƏRTAC-a bildirmişlər ki, qonaqları salamlayan ARDNŞ-in prezidenti Rövnəq Abdullayev Azərbaycanda neft sənayesinin qədim tarixindən və inkişaf yolundan söz açmış, dənizdə neft hasilatı sahəsində ilk addımların atılmasında polşalı mühəndis Pavel Pototskinin xidmətlərini xatırlatmışdır. Neftçilərin qlobal və regional əhəmiyyətli enerji layihələri çərçivəsində qazandıqları uğurlar haqqında qonaqlara məlumat verən R.Abdullayev Azərbaycanın Avropa ölkələrinin enerji təhlükəsizliyində əhəmiyyətli ölkəyə çevrildiyini diqqətə çatdırmışdır.
AGH Elm və Texnologiya Universitetinin rektoru Tadeuş Slomka görüş üçün təşəkkürünü bildirmiş, Azərbaycan neft sənayesi tarixində layiqli yer tutmuş polşalı mühəndis P.Pototskinin qəbrini ziyarət etdiklərini və gördükləri hörmət, ehtiramdan böyük təəssürat aldıqlarını söyləmişdir.
Daha sonra rəhbərlik etdiyi təhsil ocağının fəaliyyəti haqqında danışan qonaq AGH Elm və Texnologiya Universitetinin Polşanın texniki sahədə ixtisaslaşmış ən qədim və aparıcı ali təhsil ocağı olduğunu bildirmişdir. Qonaq hazırda universitetdə tədrisin 200-dən artıq ixtisas üzrə 54 istiqamətdə həyata keçirildiyini və müasir standartlara cavab verən yüksək ixtisaslı mühəndis kadrlarının hazırlandığını söyləmişdir. O, Azərbaycan və Polşa arasında yaranmış tarixi əməkdaşlıq ənənələrinin davam etdirilməsində maraqlı olduqlarını vurğulamış, Bakı Ali Neft Məktəbi ilə tərəfdaşlıq münasibətlərini yüksək qiymətləndirmişdir.
R.Abdullayev isə öz növbəsində müstəqillik dövründə Azərbaycanın dinamik inkişaf etdiyini, yeraltı sərvətlərin ilk dəfə olaraq xalqın mənafeyinə xidmət etməyə başladığını diqqətə çatdırmış, ölkəmizdə gənc nəslin təhsilinə və sağlamlığına qayğının dövlət siyasətinin tərkib hissəsi olduğunu bildirmişdir. Prezident İlham Əliyevin “neft kapitalını insan kapitalına çevirək!” çağırışını xatırladan ARDNŞ-in prezidenti enerji sektorunun müasir inkişafında yüksək ixtisaslı kadrların hazırlanmasının vacibliyini vurğulamış, bu istiqamətdə ölkədə həyata keçirilən genişmiqyaslı tədbirlərdən ətraflı söz açmışdır.
O, ARDNŞ-in qlobal və regional əhəmiyyətli layihələrinin yüksək keyfiyyətlə icra edilməsi məqsədilə reallaşdırdığı kadr hazırlığı sistemi, xarici universitetlərdə mühəndis ixtisasına yiyələnən azərbaycanlı gənclər üçün təsis etdiyi təqaüd proqramları haqqında danışmışdır. Müasir biliklərə yiyələnmiş ingilisdilli mühəndis kadrlarının yetişdirilməsi üçün şirkətin nəzdində yaradılmış Bakı Ali Neft Məktəbində tədrisin Böyük Britaniyanın Heriot-Uatt Universitetinin tədris proqramları və bu universitetin mütəxəssislərinin iştirakı ilə aparıldığı, dünyanın qabaqcıl universitetləri ilə sıx əməkdaşlıq münasibətlərinin qurulduğu qeyd olunmuşdur.
Krakov AGH Elm və Texnologiya Universitetinin rektoru Tadeuş Slomka rəhbərlik etdiyi ali təhsil ocağının sürətlə inkişaf edən universitet və şirkətlərlə əlaqələr yaratmaqda maraqlı olduğunu diqqətə çatdırmışdır. O, BANM-ın ARDNŞ tərəfindən dəstəklənməsini təhsilin inkişafına biznes tərəfindən göstərilən qayğı və diqqətin nümunəsi kimi qiymətləndirmişdir.
R.Abdullayev Bakı Ali Neft Məktəbi və Polşanın AGH Elm və Texnologiya Universiteti arasında əməkdaşlığın tezliklə genişlənəcəyinə və hər iki ölkənin iqtisadiyyatına mühüm töhfələr verəcəyinə əmin olduğunu bildirmiş, bu yolda onlara uğurlar arzulamışdır.