DÜNYA
Portuqaliyada keçirilmiş parlament seçkilərində sosialistlər qələbə qazanıb
Lissabon, 31 yanvar, AZƏRTAC
Portuqaliyanın dünən keçirilmiş növbədənkənar parlament seçkilərində Baş nazir Antoniu Koştanın hakim Sosialist partiyası mütləq səs çoxluğu ilə qalib gəlib. Bunu heç bir partiyanın “sarsıdıcı” qələbə qazanmasına meyilli olmayan ölkə üçün tarixi fakt hesab etmək olar.
Artıq ikinci dəfədir ki, Respublika Assambleyasındakı 230 yerdən 117-sini sosialistlər tutublar.
AZƏRTAC xəbər verir ki, seçicilərin 41,7 faizi Antoniu Koştanın partiyasına səs verib. Ən iri müxalifət qüvvəsi olan Sosial-Demokratik Partiyası (PSD) səslərin 29,3 faizini toplayıb. Üçüncü yerdə 7,15 faiz səslə sağçı radikal “Chega” (“Yetər!”) partiyasıdır.
Ekspertlərin fikrincə, bu qələbə 1974-cü il “Qərənfil inqilabı”ndan sonra digərləri ilə müqayisədə bu postda daha uzun müddət olan Baş nazir Antonui Koşta üçün şəxsi planda mühüm mərhələyə çevriləcək.
Bütün parlament qruplarına dialoq təklif edən Baş nazir sosialist proqramına və 2022-ci il büdcə layihəsində nəzərdə tutulan tədbirlərə sədaqətlə ölkəni idarə edəcəyini bildirib.
Qeyd edək ki, Portuqaliyada parlament seçkiləri 2023-cü ilin payızından tez baş tutmamalı idi. Lakin sosialistlərin 2022-ci il üçün təqdim etdiyi büdcə layihəsi ilə bağlı Antoniu Koştanın hakim sosialist hökuməti, sol blok və kommunistlər arasında fikir ayrılığı yaranıb. Siyasi qeyri-müəyyənlik səbəbindən respublika Prezidenti Marselo Rebel di Soz parlamenti buraxmağa və növbədənkənar seçkiləri təyin etməli olub.
Nigar Cəfərli
AZƏRTAC-ın xüsusi müxbiri
Lissabon