İQTİSADİYYAT
Prezident İlham Əliyev: Azərbaycan Avropa istehlakçıları üçün əvəzedilməz ölkəyə çevrilir
Bakı, 12 yanvar, AZƏRTAC
Prezident İlham Əliyev Nazirlər Kabinetinin 2014-cü ilin sosial-iqtisadi inkişafının yekunlarına və qarşıda duran vəzifələrə həsr olunan iclasında bildirib ki, Azərbaycan Avropa istehlakçıları üçün əvəzedilməz ölkəyə çevrilir.
Dövlətimizin başçısı deyib: “Biz Avropanın enerji təhlükəsizliyinin təmin edilməsində öz rolumuzu oynayırıq və getdikcə bu rol artacaq. Çünki Avropa üçün yeganə yeni qaz mənbəyi Azərbaycandır. Bütün başqa mənbələr - onlar artıq var. O mənbələrin ehtiyatlarını müxtəlif yollarla, yəni, yeni yollarla Avropaya nəql etmək mümkündür. Belə layihələr var, lakin yeni mənbə ancaq Xəzər hövzəsidir və Azərbaycandır. Biz bu məsuliyyəti öz üzərimizə götürmüşük. Əminəm ki, bu layihəni də uğurla icra edəcəyik. Çünki bu günə qədər bir dənə də layihə olmamışdır ki, biz onu başlayaq və icra etməyək. Həm Bakı-Tbilisi-Ceyhan, Bakı-Tbilisi-Ərzurum, həm də Bakı-Tbilisi-Qars, yəni, beynəlxalq layihələrdən söhbət gedir. Əminəm ki, “Cənub” qaz dəhlizi də tam şəkildə icra ediləcəkdir”.