İQTİSADİYYAT
Prezident İlham Əliyev: Azərbaycana gələn vəsait ədalətli bölünür, vəsaitin toplanması və xərclənməsi çox şəffaf şəkildə həyata keçirilir
Bakı, 7 iyun (AZƏRTAC). Azərbaycanda yaradılmış Dövlət Neft Fondu bu gün dünya səviyyəsində ən şəffaf qurumlardan biridir. Fondun fəaliyyəti beynəlxalq təşkilatlar, Birləşmiş Millətlər Təşkilatı və digər təşkilatlar tərəfindən yüksək qiymətləndirilib.
AZƏRTAC xəbər verir ki, bu fikri Azərbaycan Prezidenti İlham Əliyev XVIII Beynəlxalq Xəzər neft, qaz, neft emalı, neft kimyası sərgi və konfransının açılış mərasimində bildirmişdir.
Neft Fondunun tam şəffaf bir qurum olduğunu deyən dövlətimizin başçısı qeyd etmişdir ki, bu, bizə əldə olunmuş gəlirlərdən səmərəli və ədalətli istifadə etməyə imkan vermişdir. Məhz bunun nəticəsində Azərbaycanda yoxsulluq şəraitində yaşayanların sayı son 7 il ərzində 49 faizdən 9 faizə düşmüşdür. Əgər əlimizdə Neft Fondu kimi çox şəffaf və müasir qurum olmasaydı, biz bu nailiyyətlərə çata bilməzdik. Bu onu göstərir ki, Azərbaycana gələn vəsait ədalətli bölünür, vəsaitin toplanması və xərclənməsi çox şəffaf şəkildə həyata keçirilir. Eyni zamanda, bu, Azərbaycanın dünyadakı imicinə də çox müsbət təsir göstərir.