İQTİSADİYYAT
Prezident İlham Əliyev: Bakı-Tbilisi-Qars dəmir yolu dəhlizindən istifadə edəcək ölkələrin sayı artacaqdır
Bakı, 13 fevral (AZƏRTAC). Bakı-Tbilisi-Qars dəmir yolunun tikintisinin başa çatması nəticəsində biz yeni, daimi dəhliz yaradırıq. Bu dəhlizdən istifadə edəcək ölkələrin sayı artacaqdır.
AZƏRTAC xəbər verir ki, Prezident İlham Əliyev bu sözləri fevralın 12-də “Azərbaycan Respublikası regionlarının 2009-2013-cü illərdə sosial-iqtisadi inkişafı Dövlət Proqramı”nın icrasının dördüncü ilinin yekunlarına həsr olunmuş konfransdakı nitqində bildirmişdir.
Dövlətimizin başçısı demişdir ki, artıq aparılan ikitərəfli danışıqlar əsnasında biz bir çox yerlərdən bu layihəyə marağı görürük. Onu da qeyd etmək istəyirəm ki, bu layihənin başlanması Azərbaycan dövlətinin iradəsinə söykənir. Əlbəttə, biz bu layihənin təşəbbüskarı kimi üzərimizə böyük məsuliyyət götürmüşük. Çox şadam ki, bizimlə bərabər bu layihənin icrasında iştirak edən qonşu ölkələr də öz dəyərli səylərini, töhfələrini verirlər.