SİYASƏT
Prezident İlham Əliyev: Bu ildə ən azı 20 min məcburi köçkün yeni evlərlə, mənzillərlə təmin ediləcəkdir
Bakı, 16 yanvar (AZƏRTAC). Keçən il məcburi köçkünlərin vəziyyətinin yaxşılaşdırılması üçün ən böyük məbləğ Dövlət Neft Fondu tərəfindən nəzərdə tutulmuşdur. Bu məqsədlə 300 milyon manat məbləğində vəsait ayrılmışdır. Bu da tarixdə ən böyük ayrılan vəsaitdir.
AZƏRTAC xəbər verir ki, bu sözləri Azərbaycan Prezidenti İlham Əliyev Nazirlər Kabinetinin 2012-ci ilin sosial-iqtisadi inkişafının yekunlarına və 2013-cü ildə qarşıda duran vəzifələrə həsr olunmuş iclasındakı nitqində demişdir.
Dövlətimizin başçısı bu vəsaitin hesabına 20 mindən çox məcburi köçkünün yeni mənzillərlə, evlərlə təmin edildiyini, bu evlərin çox yüksək səviyyədə tikildiyini bildirmişdir. “Mən açılışların böyük əksəriyyətində şəxsən iştirak etmişəm və görmüşəm ki, doğrudan da, köçkünlər üçün yaradılan şərait ən yüksək səviyyədədir. Bu, belə də olmalıdır”, - deyən Prezident İlham Əliyev vurğulamışdır ki, köçkünlər buna layiqdirlər. Bu ildə Dövlət Neft Fondunda eyni səviyyədə vəsait nəzərdə tutulmuşdur. Cari ildə ən azı 20 min köçkün yeni evlərlə, mənzillərlə təmin ediləcəkdir.