DÜNYA
Problemləri diplomatik yolla həll etmək müharibə aparmaqdan daha sərfəlidir
Bakı, 23 fevral (AZƏRTAC). Fevralın 24-də Böyük Britaniyaya ilk səfərinə hazırlaşan Amerika Birləşmiş Ştatlarının (ABŞ) yeni dövlət katibi Con Kerri Virciniya universitetində çıxış edərək cari il üçün büdcədən Dövlət Departamentinə verilən maliyyə vəsaitinin artırılmasını istəmişdir.
“Washington Post” qəzetinin məlumatına görə, yeni dövlət katibi qeyd etmişdir ki, 2012-ci ildə Dövlət Departamentinə və ABŞ-ın Beynəlxalq münasibətlərin inkişafı üzrə Dövlət Agentliyinə 51,6 milyard dollar ayrılmışdır. Bununla yanaşı, ötən il Pentaqon Əfqanıstanda keçirdiyi hərbi əməliyyatlara 115 milyard dollar xərcləmişdir. C.Kerri bu rəqəmləri diqqətə çatdıraraq bildirmişdir ki, problemləri diplomatik yolla həll etmək müharibə aparmaqdan daha sərfəlidir. Buna görə də departamentin vəsaiti artırılmalıdır ki, ABŞ qloballaşan dünyada cərəyan edən siyasi proseslərin önündə gedə bilsin.
Dövlət Departamentinə ayrılan vəsaiti azaltdığına görə Konqresi tənqid atəşinə tutan C.Kerri istehzalı tərzdə bildirmişdir ki, bu gün ABŞ-ın xarici siyasətinə Çindən və Yaxın Şərqdən daha çox təhlükəni Konqres törədir.
Qeyd edək ki, ABŞ-ın yeni dövlət katibi C.Kerri fevralın 24-dən martın 6-kimi bir sıra Avropa ölkəsinə o cümlədən Türkiyəyə səfər edəcəkdir.