İDMAN
Promouterlər Formula 1 Mayami Qran-Prisinin şəhərin mərkəzində keçirilməsi ideyasından imtina ediblər
Bakı, 25 aprel, AZƏRTAC
Ehtimal edilən Mayami Qran-Prisinin promouterləri Formula 1 yürüşlərinin mərhələsini şəhərin mərkəzində keçirmək ideyasından imtina etməyə məcbur olublar. Buna səbəb təşkilatçılıqla bağlı çətinliklər və yarışların rayon sakinləri və müəssisələri üçün əmələ gətirəcəyi çoxsaylı xoşagəlməz amillərdir.
AZƏRTAC xarici KİV-lərə istinadla xəbər verir ki, hazırda mərhələnin “Hard Rock Stadium” yaxınlığında keçirilməsinin mümkünlüyü müzakirə edilir.
“RaceFans” saytı “Hard Rock Stadium”un baş direktoru Tom Qarfinkelin bu sözlərini sitat gətirir: “Biz Mayami üçün hansısa böyük iş görmək istəyirik. Lakin trasın ildən-ilə tikintisinə lazım olan tələblər barədə hesabatı, bir neçə həftə ərzində nəqliyyatın hərəkətində fasilələr yaranması barədə məlumat təəssüf doğurur. Yekunda başa düşdük ki, sakinlər və Biskeyn bulvarındakı müəssisələr üçün bu, həddən artıq baha başa gələr. Sonda biz bu ideyadan imtina etmək qərarına gəldik”.