SİYASƏT
PROQRAMIN İCRASI NƏTİCƏSİNDƏ AZƏRBAYCAN DÜNYA ƏRZAQ TƏHLÜKƏSİZLİYİ PROQRAMINA TÖHFƏ VERƏN DÖVLƏTLƏRDƏN BİRİ OLACAQDIR
Bakı, 12 yanvar (AZƏRTAC). Azərbaycan Prezidentinin Sərəncamı ilə təsdiq olunmuş “2008-2015-ci illərdə Azərbaycan Respublikasında əhalinin ərzaq məhsulları ilə etibarlı təminatına dair Dövlət Proqramı” icrası uğurla davam etdirilir.
Milli Məclisin aqrar siyasət komitəsinin sədri Eldar İbrahimov demişdir ki, Proqramda görüləcək tədbirlər və əldə ediləcək nəticələr müəyyən olunmuşdur. Proqramın icrasına 2009-cu ilin dövlət büdcəsindən 60 milyon manat vəsait yönəldilmişdir. Bu ildən başlayaraq kənd təsərrüfatı əmlakının sığortalanması üçün sığorta haqqının dövlət büdcəsi hesabına ödənilən hissəsi, kənd təsərrüfatı məhsulları istehsalçılarına istifadə etdikləri yanacağın və motor yağının, habelə mineral gübrələrin dəyərinin 50 faizinin ödənilməsinə dövlət büdcəsindən ayrılan vəsaitlər də daxil olmaqla proqrama cari ilin dövlət büdcəsindən 111 milyon 550 min manat vəsaitin xərclənməsi nəzərdə tutulmuşdur.
Nəzərdə tutulan tədbirlərin büdcə vəsaiti hesabına həyata keçirilməsi təminat verir ki, bu proqramın icrası da uğurla nəticələnəcək və ölkəmiz Dünya Ərzaq Təhlükəsizliyi Proqramına töhfə verən dövlətlərdən biri olacaqdır.