İDMAN
“Pxençan-2018”də hər iki Koreyanın qadın hokkeyçiləri vahid komanda şəklində çıxış edə bilər
Bakı, 13 yanvar, AZƏRTAC
Cənubi Koreya fevralda Pxençan şəhərində keçiriləcək Qış Olimpiya Oyunlarında hər iki Koreyanın qadın hokkeyçilərinin vahid komanda şəklində mübarizəyə qoşulmasını təklif edib.
AZƏRTAC xəbər verir ki, Koreya Respublikasının idman nazirinin müavini Roh Tae-kanq bu təklifin Koreya Xalq Demokratik Respublikasının (KXDR) Cənubi Koreyanın Pxençan şəhərində keçiriləcək Qış Olimpiya Oyunlarında iştirakı məsələsinin müzakirəsi üçün keçirilmiş görüşdə səsləndirdiklərini deyib.
KXDR tərəfi hələlik təklifə heç bir rəsmi münasibət bildirməyib. Bu və digər məsələlər iki Koreya arasında gələn həftə keçirilməsi güman olunan işçi səviyyədə görüşdə bir daha qaldırılacaq.
Roh Tae-kanq əlavə edib ki, hər iki Koreyadan olan qadın hokkeyçilərin vahid komanda kimi iştirakı Beynəlxalq Olimpiya Komitəsi və Beynəlxalq Buzüstü Hokkey Federasiyası ilə də müzakirə olunur. Qış Olimpiya Oyunlarında qadın hokkey komandalarının tərkibi 23 oyunçudan çox olmamalıdır. Cənubi Koreya tərəfi “Pxençan-2018”də vahid Koreya komandasının iştirakının mümkünlüyü üçün istisna olaraq bu limitin 35-ə qaldırılmasını istəyir.
Qeyd edək ki, 1991-ci il dünya stolüstü tennis çempionatında və həmin il FIFA dünya gənclər çempionatında Koreya vahid komanda kimi çıxış etmişdi. Lakin Olimpiya Oyunları və Asiya Oyunları kimi çoxnövlü kütləvi yarışların heç birində Koreyanın vahid komanda kimi çıxış etməsi mümkün olmayıb.