İDMAN
Qadın güləşçilərimiz birinci Avropa Oyunlarına monqolustanlı idmançılarla birgə hazırlaşırlar
Bakı, 29 may, AZƏRTAC
Qadın güləşi üzrə gənclərdən və böyüklərdən ibarət Azərbaycan yığması birinci Avropa Oyunlarına hazırlığı Olimpiya Güləş Mərkəzində davam etdirir.
AZƏRTAC xəbər verir ki, yığma komandamızın baş məşqçisi Semyon Çterev, böyük məşqçi Konstantin Konorev və məşqçi Arif Fərmanov, gənc qızlardan ibarət millimizin böyük məşqçisi Yaqub Məmmədov və məşqçi Aslan Ağayevin rəhbərliyi altında təlim-məşq toplanışına 20-yə yaxın güləşçi cəlb olunub. Mayın 25-dən etibarən başlayan təlim-məşq toplanışında Monqolustan güləşçiləri də iştirak edirlər.
Semyon Çterev bildirib ki, Asiya çempionatının qalib və mükafatçıları olan Monqolustan güləşçiləri ilə birgə təlim-məşq toplanışı idmançılarımızın təcrübələrini artırmaq üçün yaxşı fürsətdir. Artıq hazırlıqların son mərhələsindəyik. İki həftə sonra tarixdə ilk dəfə keçiriləcək Avropa Oyunlarında iştirak edəcəyik. Komandada əhval-ruhiyyə yüksəkdir. Oyunlarda yüksək əzmkarlıqla mübarizə aparıb, qələbələr qazanmaq və azarkeşlərimizi sevindirmək istəyirik.
“Bakı-2015”in proqramına güləşin hər üç növü daxildir. Yarışlar iyunun 13-18-də Heydər Əliyev adına İdman Sarayında keçiriləcək və ümumilikdə 24 çəki dərəcəsində qaliblər müəyyənləşəcək.