İQTİSADİYYAT
Qanunsuz taksi fəaliyyəti göstərən avtomobillər tamamilə yığışdırılacaqdır
Bakı, 16 oktyabr (AZƏRTAC). Bakı şəhərində qanunsuz taksi fəaliyyəti ilə məşğul olan 10 mindən artıq avtomobil mövcuddur.
AZƏRTAC xəbər verir ki, bu sözləri nəqliyyat naziri Ziya Məmmədov jurnalistlərə müsahibəsində demişdir.
Nazir bildirmişdir ki, Bakı şəhərində qayda-qanun yaradılması məqsədilə bu avtomobillər tamamilə yığışdıralacaq və vətəndaşlara müasir, gözəl maşınlar xidmət göstərəcəkdir. Bəzi sürücülər qeyri-qanuni fəaliyyət göstərməyə vərdiş etmişlər. Bu gün taksi kimi istifadə olunan avtomobillərin böyük əksəriyyəti tələblərə cavab vermir. Biz onları yeni avtomobillərdə fəaliyyət göstərməyə dəvət edirik. Yeni taksilərin qiyməti və göstəriciləri məlumdur, istənilən şəxs onu əldə edə bilər. Sonra həmin şəxsə lisenziya veriləcək və o, taksi fəaliyyəti ilə məşğul ola biləcəkdir. Köhnə taksilər isə müəyyən müddətdən sonra tamamilə yığışdırılacaqdır.
Z.Məmmədov vurğulamışdır ki, nəqliyyat sektorunda heç bir inhisarçılıq yoxdur, burada yüzlərlə şirkət işləyir. Sərnişindaşıma xidmətində istənilən sayda fiziki və hüquqi şəxslər fəaliyyət göstərir.