CƏMİYYƏT
Qarabağda aparılan bərpa-quruculuq işlərinə töhfə məqsədilə xüsusi nümayəndəliyə avtomobil hədiyyə edilib
Bakı, 13 iyun, AZƏRTAC
İyunun 10-da Qarabağ Dirçəliş Fondunda (QDF) Qarabağ iqtisadi rayonuna daxil olan işğaldan azad edilmiş ərazilərdə Azərbaycan Respublikası Prezidentinin xüsusi nümayəndəsi Emin Hüseynov və QDF-nin İdarə Heyətinin sədri Rəhman Hacıyev arasında görüş keçirilib.
AZƏRTAC xəbər verir ki, görüşdə tərəflər arasında işğaldan azad edilən ərazilərdə həyata keçirilməsi nəzərdə tutulan layihələr, eyni zamanda, əməkdaşlıq planları müzakirə olunub.
Görüşün sonunda Qarabağ Dirçəliş Fondunun donorlarının biri tərəfindən ianə edilən “Mitsubishi L-200” markalı pikap avtomobili Qarabağda aparılan bərpa-quruculuq və abadlıq işlərinə töhfə vermək məqsədilə Qarabağ iqtisadi rayonuna daxil olan işğaldan azad edilmiş ərazilərdə (Şuşa rayonu istisna olmaqla) Azərbaycan Respublikası Prezidentinin xüsusi nümayəndəsi Emin Hüseynova təhvil verilib.
Qarabağ Dirçəliş Fondu bu gözəl təşəbbüs üçün donor şirkətinə təşəkkürünü bildirir və hər kəsi işğaldan azad edilən ərazilərdə aparılan bərpa və yenidənqurma işlərinin təşkili və sosial-iqtisadi rifahın yaxşılaşdırılması məsələsinə dəstək olmağa dəvət edir.
Qeyd edək ki, işğaldan azad edilən ərazilərdə bərpa və yenidənqurma prosesinə dəstək verilməsi üçün donorların cəlbi və ianəçilik mədəniyyətinin təşviqi QDF-nin fəaliyyətinin əsas istiqamətlərindəndir.
Fond yarandığı gündən etibarən, bir çox şirkətlər birlik nümayiş etdirərək Qarabağda aparılan bərpa və quruculuq işlərinə dəstək göstərmək məqsədilə QDF-yə ianə edib.
Xatırladaq ki, bir müddət əvvəl Qarabağ Dirçəliş Fonduna “İmprotex” şirkətlər qrupu tərəfindən ianə edilən texnikalar Şuşa Şəhəri Dövlət Qoruğu İdarəsinə təhvil verilib. Bu təcrübə Qarabağın bərpası və yenidən qurulması prosesində həmrəyliyin əsas təzahürüdür.