SİYASƏT
Qarabağda prezident seçkiləri yüksək əhval-ruhiyyə ilə başlamışdır
Ağdam, 9 oktyabr (AZƏRTAC). Qarabağ bölgəsində prezident seçkiləri seçicilərin ruh yüksəkliyi və fəallığı ilə başlamışdır. Dairə seçki komissiyalarından AZƏRTAC-a verilən məlumata görə, səsvermə hüququ olan sakinlər səhər saat 8-dən seçki məntəqələrinə gələrək azad, sərbəst şəkildə istədikləri namizədə səs verir, ölkəmiz üçün mühüm əhəmiyyət daşıyan bu siyasi kampaniyada fəal iştirak edirlər.
118 saylı Ağdam şəhər seçki dairəsindəki 46 məntəqə 38 min 995 seçicini əhatə edir. Məcburi köçkün ağdamlılar Bakı şəhərində, Abşeron və Bərdə rayonlarında təşkil edilmiş məntəqələrdə səs verirlər. Məntəqələrdə seçicilər və müşahidəçilər üçün hər cür şərait yaradılmışdır. Seçkiləri 254 müşahidəçi izləyir.
119 saylı Ağdam kənd seçki dairəsi üzrə 43 min 522 seçici qeydiyyata alınmışdır. Seçicilər 42 məntəqədə, habelə “N” saylı hərbi hissədə fəaliyyət göstərən 3 məntəqədə səs verəcəklər. Səsvermənin gedişi 293 müşahidəçi tərəfindən izlənilir.
Bərdədə də seçici fəallığı müşahidə olunur. 93 saylı Bərdə şəhər seçki dairəsi dairə seçki komissiyasından aldığımız məlumata görə, 50 seçki məntəqəsi və “N” saylı hərbi hissədə fəaliyyət göstərən 2 məntəqə üzrə 44244 seçici qeydə alınmışdır. Seçicilərin 2733 nəfəri səsvermədə ilk dəfə iştirak edir. Səsvermənin gedişini 246 nəfər müşahidəçi izləyir. Seçki məntəqələrinin 11-də veb-kamera quraşdırılmışdır.
94 saylı Bərdə kənd seçki dairəsində səsvermə 54 seçki məntəqəsində təşkil edilmişdir. Seçki məntəqələrinin 5-də veb-kameralar quraşdırılmışdır. Qeydə alınmış 44695 seçicinin 2245-i ilk dəfə səs verir. Səsvermənin gedişini 223 müşahidəçi izləyir.
Prezident seçkiləri 95 saylı Tərtər seçki dairəsinin 37 məntəqəsində və “N” saylı hərbi hissədəki 3 seçki məntəqəsində keçirilir. Dairə seçki komissiyasından bildirmişlər ki, məntəqələrdə seçkilərin azad, ədalətli, demokratik və şəffaf keçirilməsi üçün hər cür şərait yaradılmış, 8 məntəqədə veb-kameralar qoyulmuşdur. Dairə üzrə seçicilərin ümumi sayı 40082 nəfərdir.
Ağcabədi rayonunda da prezident seçkiləri seçicilərin fəallığı ilə başlamışdır. 82 saylı Ağcabədi seçki dairəsi dairə seçki komissiyasından verilən məlumatda dairə üzrə 44 məntəqənin fəaliyyət göstərdiyi, məntəqələrin 7-də veb-kamera quraşdırıldığı, 43007 seçicinin və 220 müşahidəçinin qeydiyyata alındığı bildirilir.
83 saylı Ağcabədi - Füzuli seçki dairəsində 43 məntəqədə 40027 nəfər seçici qeydə alınmışdır. 6 məntəqədə veb-kameralar quraşdırılmışdır. Seçkilərin gedişini 225 nəfər yerli müşahidəçi izləyir. Səsvermə seçicilərin fəallığı şəraitində keçir.
84 saylı Füzuli seçki dairəsi üzrə 71 seçki məntəqəsi, o cümlədən “N” saylı hərbi hissədə 2 məntəqə fəaliyyət göstərir. Seçicilərin ümumi sayı 47 min 159 nəfərdir. Səsvermənin gedişini canlı izləmək üçün 3, 4, 9, 17 və 23 saylı məntəqələrdə veb-kameralar quraşdırılmışdır. Seçkiləri müxtəlif siyasi partiyaları və qeyri-hökumət təşkilatlarını təmsil edən 365 müşahidəçi izləyir.
Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi nəticəsində doğma yurdlarından didərgin düşmüş laçınlı seçicilər respublikanın 42 rayon və şəhərində səs verirlər. Seçkilər 121 saylı Laçın seçki dairəsindəki 100 məntəqədə keçirilir. Dairə üzrə qeydiyyata alınmış seçicilərin ümumi sayı 44088 nəfərdir ki, onların 2067-sı ilk dəfə səs verir. Seçki prosesi 650 müşahidəçi tərəfindən izlənilir. Aldığımız məlumata görə, Laçın rayonundan olan məcburi köçkünlər səsvermədə yüksək əhval-ruhiyyə ilə iştirak edirlər.