MƏDƏNİYYƏT
“Qarabağnamə” filminin pavilyon çəkilişləri yekunlaşmaq üzrədir
Bakı, 10 fevral (AZƏRTAC). İctimai Televiziyanın “Carçıfilm” Yaradıcılıq Birliyində ərsəyə gələn “Qarabağnamə” çoxseriyalı bədii televiziya filmi Qarabağ xanlığının 1747-ci ildən 1822-ci ilədək olan geniş zaman kəsiminin ab-havasını ekranlara gətirəcəkdir.
AZƏRTAC xəbər verir ki, Qarabağ xanlığının təşəkkülündən süqutunadək böyük dövrü əks etdirən film 9 seriyadan ibarətdir. Filmin kinoteatrda nümayişi üçün xüsusi versiyası da hazırlanacaqdır.
Filmin ssenari müəllifləri İsmayıl Ömərov və Elman Qədirli, məsləhətçi AMEA-nın Tarix İnstitutunun Qarabağ tarixi şöbəsinin müdiri, tarix elmləri doktoru Qasım Hacıyevdir.
Əməkdar İncəsənət Xadimi Bəhram Osmanov və rejissor Cavid Təvəkkülün lentə aldığı “Qarabağnamə” filminin pavilyon çəkilişləri artıq yekunlaşdırılmaq üzrədir. Çəkilişlə əlaqədar Pənahabadın 20 kvadratmetrlik maketi sifariş verilmişdir.
Pavilyon səhnələri tamamlandıqdan sonra yaradıcı heyət təbiətə çıxaraq kütləvi səhnələrin genişmiqyaslı çəkilişlərinə başlayacaqdır. Çəkilişlərin Şəki, Quba və Qusarda aparılması nəzərdə tutulmuşdur.
Ekranlaşdırmanın ideyası Qarabağın tarixən Azərbaycan ərazisi olmasına dair tarixi faktları və sənədləri ekrana gətirərək geniş tamaşaçı auditoriyasına təqdim etməkdir.
“Carçıfilm” Yaradıcılıq Birliyinin əməkdaşları, filmin yaradıcı heyəti bu məsuliyyətli işin öhdəsindən gəlmək üçün yorulmadan çalışır. Çünki bu yaradıcılıq sınağı olmaqla yanaşı, həm də vətəndaşlıq borcudur. İnanırıq ki, “Qarabağnamə” “Çarçıfilm”in kino salnaməsində ən uğurlu və parlaq ekran əsərlərindən biri kimi şərəfli yer qazanacaqdır.