REGİONLAR
Qarşıdakı iki gündə İsmayıllı şəhərinin əsas girişlərində və mərkəzi küçələrdə stasionar postlar fəaliyyət göstərəcək
İsmayıllı, 13 iyun, Adil Ağayev, AZƏRTAC
Koronavirus pandemiyasının yayılmasının qarşısının alınması, bu təhlükəli virusun törədə biləcəyi fəsadların minimuma endirilməsi məqsədilə respublikamızın bir sıra şəhər və rayonlarında, o cümlədən İsmayıllıda 14 iyun saat 00:00-dan 16 iyun saat 00:00-dək sərtləşdirilmiş karantin rejimi tətbiq olunacaq.
Bəs, İsmayıllıda sərtləşdirilmiş karantin rejiminin tələblərinə riayət olunması məqsədilə hansı zəruri tədbirlər görülür?
Rayon icra hakimiyyətindən AZƏRTAC-ın bölgə müxbirinə bildirilib ki, əhali arasında geniş maarifləndirmə işləri aparılıb, iki gün davam edəcək sərtləşdirilmiş karantin rejiminin vətəndaşların sağlamlığının qorunması naminə tətbiq olunduğu onlara izah edilib. Bu müddətdə 7 stasionar post fəaliyyət göstərəcək. Həmin postlar İsmayıllı şəhərinə əsas girişlərdə, habelə mərkəzi küçələrdə təşkil olunacaq. Kifayət qədər polis işçisi, habelə daxili qoşunların hərbi qulluqçuları sərtləşdirilmiş karantin rejiminin tələlərinə riyayət olunmasına nəzarət edəcəklər. Xəstəxana, xüsusi həkim briqadası və təcili tibbi yardım gücləndirilmiş iş rejimində işləyəcək.
Azərbaycan Könüllülərinin Əlaqələndirmə Mərkəzinin təşkilatçılığı ilə Gənclərin İnkişaf və Karyera Mərkəzinin İsmayıllıdakı nümayəndəliyinin könüllüləri mağazaların və restoranların girişinə, mərkəzi küçələrə və binalara maarifləndirici məlumat lövhələri yapışdırıblar. Gənc könüllülülər apardıqları maarifləndirmə işləri ilə yaşlı əhaliyə tibbi maska, əlcək və digər vasitələr paylayıblar. İnsanlara evlərində zəruri operativ xidmətlər göstərilməsi üçün lazımi şərait yaradılıb.