İQTİSADİYYAT
Qax rayonunda 8 yaşayış məntəqəsini birləşdirən avtomobil yolunun tikintisi davam etdirilir
Qax, 9 iyul (AZƏRTAC). Azərbaycan Respublikası Prezidentinin “Qax rayonunun sosial-iqtisadi inkişafının sürətləndirilməsinə dair əlavə tədbirlər haqqında” 2013-cü il 22 fevral tarixli Sərəncamına və bu sənəddən irəli gələn tədbirlərin icrasının davam etdirilməsi məqsədi ilə 2014-cü il aprelin 2-də imzaladığı növbəti Sərəncama uyğun olaraq Qax rayonunda Alatəmir-Marsan-Tasmalı-Zəyəm-Lələli avtomobil yolunun tikintisi davam etdirilir.
Yeddi min nəfər əhalinin yaşadığı 8 yaşayış məntəqəsini birləşdirən avtomobil yolunun tikintisi üçün Azərbaycan Prezidentinin ehtiyat fondundan Qax Rayon İcra Hakimiyyətinə müvafiq vəsait ayrılmışdır.
Yolun çəkilişini həyata keçirən 16 nömrəli yol istismar idarəsindən AZƏRTAC-a bildirmişlər ki, tikintinin birinci mərhələsində yolun Alatəmi-Marsan-Tasmalı istiqamətində 10 kilometrlik hissəsi istismara verilmişdir. Hazırda yolun Lələli-Zəyəm istiqamətində torpaq yatağının tikintisi işləri aparılır. Bu istiqamətdə yolun 5,5 kilometrlik hissəsinə artıq alt qat asfalt örtüyü də qoyulmuşdur. Avtomobil yolunun cari ilin sonunadək istifadəyə verilməsi nəzərdə tutulur.