İQTİSADİYYAT
QAX RAYONUNUN TASMALI KƏNDİNDƏ YENİ ATS QURAŞDIRILIR
Qax Rayon Telekommunikasiya Qovşağından AZƏRTAC-a bildirmişlər ki, rayonun Tasmalı kəndində 512 nömrə tutumu olan elektron tipli yeni ATS-in quraşdırılmasına başlanılmışdır.
Stansiyanın qurulması üçün hazırda qovşağın daxili imkanları hesabına kənddə yeni bina tikilir. Stansiyada Türkiyənin “Karel” şirkətinin istehsal etdiyi avadanlıq quraşdırılacaqdır. Yeni ATS-in istifadəyə verilməsi nəticəsində Tasmalı kəndi ilə yanaşı, qonşu Qarabaldır və Lələpaşa kəndlərinin əhalisi də müasir rabitə xidmətlərindən istifadə etmək imkanı əldə edəcəkdir.
Rayonun kəndlərində quraşdırılan və sayca beşinci olan bu elektron tipli stansiyanın cari ilin sonunadək sakinlərin istifadəsinə verilməsi nəzərdə tutulur. Qovşağın tabeliyində olan daha 26 kənd ATS-in elektronlaşdırılması işinin isə 2008-ci ilin sonunadək başa çatdırılması planlaşdırılır.