REGİONLAR
Qax və Zaqatala rayonlarında taxıl biçini başa çatmışdır
Qax, 19 iyul (AZƏRTAC). Qax və Zaqatala rayonlarının təsərrüfatlarında taxıl biçini kampaniyası müvəffəqiyyətlə başa çatmışdır.
Qax Rayon İcra Hakimiyyətindən AZƏRTAC-a bildirmişlər ki, builki mövsümdə rayonda 12 min 198 hektar sahənin taxılı biçilmiş, 24 min 508 ton məhsul istehsal olunmuşdur. Hər hektardan orta hesabla 20,1 sentner məhsul götürülmüşdür. Tədarük olunmuş taxılın 12 min 959 tonu buğda, 11 min 549 tonu isə arpadır.
Zaqatalalı fermerlər isə bu il 11 min 939 hektar taxıl sahəsindən 28 min 440 ton məhsul götürmüşlər. Hər hektardan orta məhsuldarlıq 23,8 sentner təşkil etmişdir. Məhsul istehsalı əvvəlki ilə nisbətən 330 ton artmışdır.
Hazırda bu rayonlarda tütün, meyvə, tərəvəz, bostan və digər növ kənd təsərrüfatı məhsullarının yığımı davam edir.